Almaniyanın Beynəlxalq Siyasət və Beynəlxalq Hüquq Birliyinin tədbirində Azərbaycan həqiqətlərindən danışılıb
Berlin, 29 aprel, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov bu ölkənin Beynəlxalq Siyasət və Beynəlxalq Hüquq Birliyində “Azərbaycan Cənubi Qafqazda sabitlik lövbəri və Avropanın enerji tərəfdaşı kimi. Siyasi, iqtisadi və təhlükəsizlik prizmasından baxış” adlı geniş təqdimatla çıxış edib.
Səfir əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının ölkəmizdə və regionda sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsində rolu, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı beynəlxalq layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, ölkəmizin multikultural ənənələrinin onun siyasi mədəniyyətində oynadığı rol, eləcə də Azərbaycan-Almaniya münasibətlərinin tarixi və bu gününə dair geniş məlumat verib.
Təqdimatda əsas yer Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə verilib. Dağlıq Qarabağ bölgəsinin və münaqişənin tarixindən danışan səfir ermənilərin Cənubi Qafqaza köçürülməsi, müxtəlif vaxtlarda Azərbaycanın tarixi torpaqlarının Ermənistana birləşdirilməsi, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları haqda tədbir iştirakçılarını məlumatlandırıb, ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərini sübutlarla ifşa edib. Münaqişənin beynəlxalq hüquqi aspektlərinə toxunan səfir beynəlxalq təşkilatların qərarlarını diqqətə çatdıraraq, Ermənistanın beynəlxalq ictimaiyyətin işğala son qoymaq çağırışlarına məhəl qoymadığını bildirib. Pərviz Şahbazov cəbhə xəttində davam edən gərginliyin səbəblərinə də aydınlıq gətirib, işğalçı qüvvələrin atəşkəsi pozması nəticəsində mülki əhali arasında olan itkiləri, eləcə də mülki obyektlərə vurulan zərəri qeyd edib.
Pərviz Şahbazov vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır. Bunun üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərini tərk etməli, hüquqları pozulmuş yüz minlərlə azərbaycanlı öz yurd-yuvalarına qayıda bilməlidir. Səfir bildirib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın dinc yanaşı yaşamasından ibarətdir.
Geniş təqdimatdan sonra səfir tədbir iştirakçılarının Azərbaycanın qonşuları ilə münasibətləri, Xəzər dənizinin statusu, Azərbaycan-Avropa İttifaqı əlaqələri və digər mövzularda suallarını cavablandırıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin