AZƏRTAC-ın Berlindəki müxbir məntəqəsinə Almaniyadakı Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşidən daxil olmuş məlumatda bildirilir: “Almaniyanın Brandenburq federal əyalətində məktəblərin tarix dərsliklərində Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin, torpaqlarımızın ermənilər tərəfindən işğalının, xalqımıza qarşı törədilən soyqırımı faciələrinin bütün reallıqları ilə işıqlandırılmasına nail olmaq üçün Potsdam Universitetində çalışan iki soydaşımız - Aydın Sultanov və Nuridə Atəşi bu ali məktəbin professoru V.Furmanın rəhbərliyi altında işçi qrupu yaratmışlar. Qrupa rəhbərliyi A.Sultanov öhdəsinə götürmüşdür. İşçi qrupu Qarabağ probleminin kökləri, tarix boyu Azərbaycan xalqına qarşı aparılmış soyqırımı haqqında geniş material topladı. 20 Yanvar, Xocalı faciələri haqqında sənədli filmlər, Berlində fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun arxivindən, Azərbaycanın Almaniyadakı səfirliyindən və Qarabağ Komitəsindən əldə edilmiş bütün materiallar alman dilinə tərcümə edilərək Brandenburq federal əyaləti hökumətinə göndərildi. Əyalətin baş nazirindən məktub aldıq. Məktubda göndərdiyimiz materialların həqiqiliyini araşdırmaq üçün hökumət səviyyəsində ekspert qrupunun yaradıldığı bildirilirdi.
Ekspert qrupu öz işini artıq yekunlaşdırmış və işçi qrupuna cavab məktubu göndərmişdir.
Məktubda deyilir: Dağlıq Qarabağ münaqişəsi, onun köklərini, nəticələrini dərindən araşdırmağa kömək edən materiallardan bizə bəlli oldu ki, ermənilər Azərbaycan xalqına məxsus torpaqları tarix boyu zor gücünə zəbt etmiş və iimkan düşdükcə bu xalqı soyqırımına məruz qoymuşlar. Ermənilərin törətdikləri vəhşiliklər hələ 1905-ci ildən başlayaraq bu günə qədər davam etməkdədir. Ermənilər XX əsrdə azərbaycanlılara qarşı dəfələrlə soyqırımları törətmişlər. Bütün bu həqiqətlərin alman məktəb dərsliklərində işıqlandırılması, gələcək nəsillərə çatdırılması bizim borcumuz və vəzifəmizdir”.
Nuridə Atəşi məlumatına yekun vuraraq bildirir ki,bu uğura nail olan işçı qrupu bundan sonra da Azərbaycan həqiqətləri, Qarabağ münaqişəsi, torpaqlarımızın ermənilər tərəfindən işğalı, xalqımızın soyqırıma məruz qalması barədə həqiqətlərin dünya birliyi səviyyəsində sübuta yetirilməsi istiqamətində səylərini daha da artırmaq niyyətindədir.