Almaniyanın Viadrina Universitetində Azərbaycanın inkişafına həsr olunan konfrans keçirilib
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutunun təşkilatçılığı ilə Almaniyada konfrans keçirilib.
Şuranın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Viadrina Universitetində keçirilən tədbirə ölkəmizin Almaniyadakı səfirliyinin nümayəndələri, universitetin professor heyəti və tələbələr qatılıblar.
Konfransın ilk hissəsində iştirakçılar Almaniyada Azərbaycanla bağlı mövcud olan stereotiplər haqqında fikirlərini bölüşüblər. Müzakirələr zamanı məlum olub ki, Viadrina Universitetində keçmiş MDB ölkələrinə dair davamlı tədqiqatların aparılmasına baxmayaraq, tələbələr ölkəmiz barədə məhdud informasiyaya malikdir. Professor Knefelkamp cari ilin payızında Viadrina Universitetində Azərbaycanla bağlı xüsusi tədbirin təşkil olunmasını təklif edib.
Tədbirin ikinci yarısında Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev çıxış edərək ölkəmizin siyasi, iqtisadi, sosial və digər sahələrdə qazandığı uğurlardan bəhs edib. O, həmçinin Almaniya-Azərbaycan münasibətlərinin inkişafına toxunaraq iki ölkənin bir çox sahələrdə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.
Konfransda çıxış edən Humboldt Universitetinin professoru xanım Eva-Maria Aux almanların Azərbaycanda məskunlaşma tarixi, ölkəmizdə müxtəlif dini və milli mənsubiyyətə aid insanların yüz illər boyu sülh şəraitində yaşaması haqqında danışıb.
Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutunun rəhbəri Matias Dornfeldt tədbir iştirakçılarının diqqətini ölkəmizdə səmərəli idarəetmə və “elektron hökumət” sahələrində həyata keçirilən müsbət islahatlara cəlb edərək, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin nümunəvi model olduğunu deyib. Təşkilatın sədri “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsədin şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, əhalinin sosial problemlərinin səmərəli həlli və inzibati sahədə effektivliyin artırılması olduğunu vurğulayıb.
Konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilib.