ALMANİYANIN XARİCİ İŞLƏR NAZİRİ BAKIYA SƏFƏR EDƏCƏK
Almaniya ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair müqavilənin bu ilin sonuna qədər imzalanacağını bildirən Klaus Qrevlix həmin sənədin Azərbaycan ilə NATO arasındakı əməkdaşlıqla ziddiyyət təşkil etməyəcəyini, əksinə, bu əlaqələrin daha intensiv inkişafına xidmət edəcəyini söyləmişdir. Səfir bu sahədəki əməkdaşlığın iki ölkənin sərhəd xidmətləri arasında əlaqələrin inkişafı, təhlükəsizlik sahəsində islahatların aparılması, polis əməkdaşlarının təhsil səviyyələrinin artırılması məsələlərini əhatə etdiyini vurğulamışdır.
Azərbaycanda həm də Avropa Birliyi rəhbərliyinin də maraqlarını təmsil etdiyini xatırladan Klaus Qrevlix bildirmişdir ki, Prezident İlham Əliyevin may ayının ortalarında Brüsselə nəzərdə tutulan səfəri Avropa Birliyi ilə əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaqdır.
Səfir Qrevlix may ayının ortalarında Almaniyanın hökumət nümayəndələrinin Bakıya gələrək danışıqlar aparacağını da bildirmişdir. Onun sözlərinə görə, Almaniya sənayeçilərindən ibarət bir qrup iş adamı da sərmayə qoyuluşu imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycana gələcəkdir. Diplomatın fikrincə, bütün bunlar onun ölkəsinin Azərbaycana olan marağının artmasından xəbər verir. Klaus Qrevlix demişdir ki, avropalıların da Azərbaycandan öyrənəcəyi çox şey var. Prezident Heydər Əliyev düzgün xarici siyasətin təməlini qoymuşdur və bu siyasət indi də davam edir, Qərb, Rusiya və İranla əlaqələr yaxşı səviyyədədir. Səfirin fikrincə, bu cür ağıllı siyasət yeridilməsi bir çox ölkə üçün nümunə ola bilər.