AMEA Fizika İnstitutunda elmi şuranın iclası 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuşdur
Bakı, 17 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun elmi şurasının iclası keçirilmişdir.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, iclası bu elm müəssisəsinin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Cavad Abidinov açaraq 20 Yanvar faciəsinin 24-cü ildönümünün bütün ölkə ərazisində geniş anma tədbirləri ilə qeyd olunduğunu diqqətə çatdırmışdır.
C.Abidinov bildirmişdir ki, 1980-ci illərin axırlarında keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Həmin dövrdə Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən birinin də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi olmuşdur. Ölkədə kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı. Yanvarın 19-da axşam Azərbaycan Televiziyasının enerji bloku partladıldı.
Diqqətə çatdırılmışdır ki, həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən günahsız insanlar qətlə yetirilmiş və ağır yaralanmışdır. Faciənin ertəsi günü ümummilli lider Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, burada mətbuat konfransı keçirərək törədilmiş qanlı qırğına kəskin etirazını bildirmişdir. Məhz Ulu Öndərin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra bu faciəyə tam siyasi-hüquqi qiymət verilmişdir.