AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə institutun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva çıxış edərək ölkəmizdə 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır.
Qanlı 20 Yanvar gecəsi xalqımızın başına gətirilmiş hadisələrdən söhbət açan G.Baxşəliyeva bildirmişdir ki, bu faciədə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, yüzlərlə insan qanunsuz həbs olunmuşdur.
Qeyd edilmişdir ki, xalqımız çoxəsrlik tarixində zaman-zaman müstəqilliyi və azadlığı uğrunda qəhrəmanlıqla mübarizə aparmışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbərliyinin əliyalın, dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli faciə xalqımızın azadlıq əzmini sındıra bilməmişdir.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm səylər göstərmişdir. Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətindən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətimizin gördüyü işlərdən danışan Milli Məclisin deputatı vurğulamışdır ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu hadisəyə hüquqi-siyasi qiymət verilmişdir.
Tədbirdə professor Vilayət Cəfərov, institutun həmkarlar ittifaqı təşkilatının sədri Sultanəli Mirzəzadə və başqaları çıxış edərək sovet imperiyası ordusunun törətdiyi qanlı qırğınlardan, azadlıq arzusunda olan insanların qəddarcasına qətlə yetirilmələrindən danışmışlar.
Çıxış edənlər Qanlı Şənbə gecəsi ilə bağlı unudulmaz xatirələrindən söhbət açmış, faciənin səbəbkarlarının hələ də beynəlxalq səviyyədə cəzalandırılmadığını təəssüflə vurğulamışlar.