Amerikada çıxan “The Hill” qəzetində Azərbaycan haqqında məqalə dərc edilib
Vaşinqton, 2 avqust (AZƏRTAC). Amerikada çıxan nüfuzlu “The Hill” qəzetində amerikalı jurnalist Norma Zaqerin “Varlı dostlar: xarici siyasi münasibətlərdə yeni dinamika” sərlövhəli məqaləsi dərc edilib. Müəllif Amerika tərəfindən ABŞ-ın “yalnız dostcasına münasibət və ikitərəfli əlaqələrin inkişafına maraq göstərən” dostlarına ünvanlanan tənqidi çıxışların qeyri-adekvat olması mövzusunu müzakirə edir.
N.Zaqer yazır ki. ABŞ Administrasiyası və Konqres hətta ABŞ-ın düşmənlərini də “pul gücünə loyallığa məcbur etmək üçün” onlara böyük məbləğlər paylayır. Bu siyasət səmərəsizdir, çünki həmin ölkələr ABŞ-a dostluq münasibəti göstərmək əvəzinə, Amerikadan maliyyə yardımını qəbul edir və həmin vəsaitlər hesabına qeyri-leqal fəaliyyəti, hətta terroru da maliyyələşdirirlər. Müəllif qeyd edir ki, Konqres və ABŞ Administrasiyası Amerikanın pullarına ehtiyacı olduğuna görə deyil, öz milli mənafeləri naminə ABŞ-la yaxşı münasibətlər yaratmağa çalışan imkanlı dostlara diqqət yetirməlidir.
N.Zaqer əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan Respublikasını bu cür pozitiv nümunə hesab edir. Bu dünyəvi, mütərəqqi dövlətin ABŞ qanunvericiləri ilə daha sıx münasibətlər yaratmaq səylərinin yaxın vaxtlarda Amerika mətbuatında tənqid edilməsini xatırladan müəllif həmin məqalələrin sadəcə gülünc olduğunu qeyd edir və göstərir ki, Amerika mətbuatında Azərbaycanı həm də “insan hüquqlarının pozulmasına” görə tənqid edirlər, halbuki bu ölkədə dinindən, cinsindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün sakinlərə münasibətdə azadlıq və hüquq bərabərliyi mövcuddur.
Müəllif qeyd edir ki, Azərbaycan ABŞ-dan yalnız səmimi ticari əməkdaşlıq və yaxşı ikitərəfli münasibətlər yaradılmasını xahiş edir.
Azərbaycan beynəlxalq müttəfiqlik əlaqələrində, o cümlədən səmərəli ticari, dini, diplomatik münasibətlərdə və digər məsələlərdə özünü etibarlı tərəfdaş kimi göstərib.
Müəllif ABŞ-ın Azərbaycana ünvanlanmış tənqidini pisləyərək soruşur: “Yəni doğrudanmı diplomatiyada elə bir vəziyyət yaranıb ki, işləri uğurla gedən ölkələrə təkəbbür və inamsızlıqla baxmaq lazımdır”?
Azərbaycan hökumətinin ABŞ ilə daha sıx münasibətlər yaratmaq səylərinin tənqid edilməsi riyakarlıqdır, çünki Azərbaycan hər hansı başqa mütərəqqi ölkə kimi hərəkət edir. Ağılsızlıq və acgözlük təzahürləri ilə dolu dünyada Azərbaycan etibarlı müttəfiq və ticarət tərəfdaşıdır. N.Zaqer sonda yazır ki, bəlkə ABŞ Konqresi və administrasiyası belə dostları qiymətləndirməli və təşviq etməlidir.
Qeyd edək ki, amerikalı jurnalisti Norma Zaqer Kaliforniya ştatının Los-Anceles universitetində dərs deyir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton