DÜNYA
Amerikalı bəstəkarın müziklinin itmiş notları 100 ildən sonra tapılıb
Bakı, 14 mart, AZƏRTAC
ABŞ-ın Miçiqan Universitetinin tədqiqatçısı və musiqiçi Ceykob Kerzner ötən yay Semuel Frençin “Amherst College’s” kolleksiyasına göz gəzdirərkən, üzərində maraqlı “La la (sic) Lucille” yazısı olan qutuya rast gəlib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “La la (sic) Lucille” amerikalı bəstəkar Corc Qerşvinin 1919-cu ildə Brodveydə təqdim olunmuş ilk tammetrajlı müziklinin adıdır. Bu günə qədər həmin səhnə quruluşundan təkcə fraqmentlər qalıb: səkkiz fortepiano və vokal seçimi nəşr olunub, dörd orkestr üçün notlar isə Konqres Kitabxanasında saxlanır. Lakin uvertüra və orkestr daxil olmaqla, notların tamamı çoxdan itirilmiş hesab olunurdu.
Kerzner qutunu açana qədər bu vəziyyət davam edib. O, içəridə təxminən 800 səhifəlik orijinal “La La Lucille” musiqisinin notlarını tapıb, onların çoxunun kənarları çürümüş vəziyyətdə olub.
“La La Lucille” evli cütlük Con və Lucille Smitin gözlənilmədən miras aldıqları, saxta boşanma və müxtəlif romantik uğursuzluqlarla qarşılaşdıqları talesiz macəralardan bəhs edir.
Kerzner bununla bağlı “Hyperallergic” nəşrinə deyir: “Qerşvin bu şounu yazanda cəmi 20 yaşı vardı. Elə hiss olunur ki, o, mahnını hit edəcək amilləri anlamağa yenicə başlayır və bəstəkarın bəzi macəralı harmoniyaları və sinxron ritmləri bunu sübut edir”.
Alimlər Miçiqan Universitetində Qerşvin Təşəbbüsü çərçivəsində bəstəkarın musiqisini öyrənməyə davam edəcəklər. Layihənin məqsədi onun hər bir əsərinin, o cümlədən “La La Lucille”nin arxiv araşdırması və təhlili ilə tamamlanan tənqidi nəşrini hazırlamaqdır.
Corc Qerşvin həm populyar, həm də klassik janrlarda bəstələri ilə tanınan amerikalı bəstəkar və pianoçudur. Onun ən məşhur əsərləri arasında “Mavidə rapsodiya” və “Parisdə amerikalı” orkestr kompozisiyaları, həmçinin “Porgy” və “Bess” operaları var. Qerşvin 1937-ci ildə ən yaxşı mahnı nominasiyasında “Biz rəqs edəcəyik” filmi üçün qardaşı Ayra ilə birlikdə yazdığı “Onlar bunu məndən götürə bilməzlər” mahnısına görə yeganə Oskar nominasiyası alıb. Bəstəkar həmin filmin nümayişindən iki ay sonra dünyasını dəyişib.