Amerikalı professor Tibb Universitetində mühazirə oxudu
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında ABŞ-ın Tennessi Universitetinin Tibb Elmləri Mərkəzinin direktoru, professor Alvo Veir “Yoğun bağırsaq xərçəngi” mövzusunda mühazirə oxuyub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mühazirədən əvvəl A.Veir akademik Əhliman Əmiraslanovla görüşüb. Görüşdə belə mühazirələrin həkim-mütəxəssislər, o cümlədən rezidentlər üçün əhəmiyyətli olduğunu deyən Ə.Əmiraslanov, həmçinin ATU-nun Onkoloji Klinikası haqqında da qonağa məlumat verib. Qeyd edib ki, Onkoloji Klinika 100 çarpayılıqdır. Onkologiya sahəsində elə əməliyyat yoxdur ki, bu klinikada icra olunmasın.
Qonaq Bakını çox sevdiyini, burada olmaqdan məmnunluğunu bildirib.
Qeyd edək ki, Alvo Veir ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilən Fulbright proqramı çərçivəsində Bakıya gəlib. Professor üç həftə ərzində ATU-nun bütün klinikalarında mühazirələrlə çıxış edəcək.