Səadət Yusifova: Mədəni irs abidələri gələcək şəhərsalma və ümumi inkişaf üçün strateji prioritetdir
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan mədəni irsin rəqəmsal transformasiyası sahəsində beynəlxalq əməkdaşlıqlara önəm verir. Mədəni irsin qorunması və mühafizəsi yalnız mədəniyyət siyasətinin deyil, həm də şəhərsalma prosesinin vacib bir hissəsidir. Bu mənada, mədəni irs abidələri gələcək şəhərsalma və ümumi inkişaf üçün strateji prioritetdir.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova mayın 13-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mədəni irs və müasir texnologiyalar: Rəqəmsal həllərin tətbiqi” adlı panel sessiyasının açılışında söyləyib.
Səadət Yusifova Qarabağ və Şərqi Zəngəzurdakı bərpa və yenidənqurma işləri barədə danışarkən bildirib ki, 2020-ci ildən bu yana azad edilmiş ərazilərdə daşınmaz tarixi-mədəni inventarların sahə tədqiqatları aparılır. Bu çərçivədə elektron sənədlər və digər mənbələr araşdırılır, elektron xəritələr hazırlanır və rəqəmsal məkanda sistemləşdirilir.