Ümumdünya Ətraf Mühit Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq
Bakı, 15 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi ilə 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan silsilə tədbirlər keçiriləcək. Tədbirlər “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə.” şüarı altında təşkil olunacaq.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərə dövlət qurumları, özəl sektor, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri və vətəndaşlar müxtəlif ekoloji təşəbbüslərlə qoşula bilərlər. Buraya ağacəkmə və təmizlik aksiyaları, maarifləndirici tədbirlər, sərgilər, açıq hava fəaliyyətləri və iqlim fəaliyyəti ilə bağlı ictimai təşəbbüslər daxildir.
Ümumdünya Ətraf Mühit Günü 2026 hər kəsi iqlim fəaliyyəti istiqamətində birgə hərəkət etməyə çağırır. Kampaniya insanların, şəhərlərin, şirkətlərin və hökumətlərin ətraf mühitlə bağlı verdiyi hər bir qərarın bir siqnal olduğunu vurğulayır. Bir hekayə paylaşmaq, təşəbbüsə qoşulmaq, həll yollarını dəstəkləmək və ya başqalarını fəaliyyətə təşviq etmək iqlim naminə atılan mühüm addım hesab olunur.
Kampaniya çərçivəsində yerli və xarici iştirakçılar iqlim dəyişmələrinin təsirləri və ya həll yolları ilə bağlı müşahidələrini #NowForClimate və #İndiİqlimNaminə həştəqləri ilə paylaşaraq kampaniyaya qoşula bilərlər. Keçiriləcək tədbirlər Ümumdünya Ətraf Mühit Gününün rəsmi platformasında yerləşdirilərək beynəlxalq auditoriyaya təqdim ediləcək. Təşkilatlar və fərdlər öz tədbir və fəaliyyətlərini qlobal xəritədə qeydiyyatdan keçirərək yerli təşəbbüsləri qlobal hərəkata birləşdirə bilərlər.
Bundan başqa, kampaniya çərçivəsində vətəndaşlar və təşkilatlar UNEP-in #NowForClimate rəqs çağırışına qoşula bilərlər. İştirakçılar iqlim fəaliyyəti ilə bağlı birgə həmrəyliyi əks etdirən qısa rəqs videosu hazırlayaraq sosial şəbəkələrdə paylaşa, dostlarını təşəbbüsə dəvət edə bilər və qlobal hərəkatın bir hissəsinə çevrilmək imkanı qazanarlar.
Tədbirlə bağlı məlumatlar, iştirak imkanları və digər yeniliklər wed2026.az rəsmi platformasında yerləşdirilir.
ETSN dövlət qurumlarını, şirkətləri, qeyri-hökumət təşkilatlarını və digər tərəfdaşları öz ekoloji layihələri və təşəbbüsləri ilə bu qlobal kampaniyaya qoşulmağa dəvət edir.
Xatırladaq ki, Ümumdünya Ətraf Mühit Günü 1972-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib və dünyada ekoloji maarifləndirmənin və iqlim dəyişmələri ilə mübarizənin təşviqinə xidmət edən əsas qlobal təşəbbüslərdən biridir. Kampaniyanın məqsədi ictimai iştirakçılığı artırmaq və fərdlərin, qurumların ətraf mühitin qorunmasına töhfəsini təşviq etməkdir.