Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması - beynəlxalq konfrans
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq konfrans Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Bakı Şəhərsalma Həftəsi 2026” platformasının əsas tədbirlərindən biridir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən keçirilən Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya sahəsində qlobal dialoq üçün ən mühüm platformalardan biri hesab olunur.
Çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, müasir şəhərlərin davamlı və dayanıqlı inkişafı yalnız infrastruktur və texnoloji həllərlə deyil, ilk növbədə, yüksəkixtisaslı insan kapitalı ilə müəyyən olunur. Rektor diqqətə çatdırıb ki, şəhərsalmada uğursuzluqlar çox vaxt planların yoxluğundan deyil, məhz institusional və insan resurslarının yetərsizliyindən qaynaqlanır. Elçin Babayev mövcud təhsil modelində fənlərarası inteqrasiyanın gücləndirilməsinin zəruriliyini xüsusi vurğulayıb. O bildirib ki, inklüziv, dayanıqlı və bilikəsaslı şəhərlər qurmaq bu gün universitetlərdə atılan addımlardan birbaşa asılıdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov hazırda dünya əhalisinin yarısından çoxunun şəhərlərdə yaşadığını və urbanizasiya prosesinin sürətlə davam etməkdə olduğunu söyləyib. Komitə sədri qeyd edib ki, insan kapitalının gücləndirilməsi yeni şəhər gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin əsas komponentlərindən birinə çevrilib. O bildirib ki, bu baxımdan universitetlərin və tədqiqat institutlarının rolu əhəmiyyətlidir. Ali təhsil müəssisələri yalnız akademik təhsil verən qurumlar deyil, həm də müvafiq siyasətin hazırlanması, innovasiya və tədqiqat proseslərinin əsas ocaqlarıdır.
Elm və təhsil nazirinin müavini İdris İsayev dünyada urbanizasiya proseslərinin sürətlənməsinin müxtəlif qlobal çağırışlar və problemlər yaratdığını söyləyib. O bildirib ki, əgər ölkənin davamlı, dayanıqlı inkişafını təmin etmək istəyiriksə, ilk növbədə, insan kapitalına diqqət yetirməliyik. Nazir müavini təhsil sisteminin bu proseslərin önündə dayanmalı olduğunu diqqətə çatdırıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov şəhərsalmanın, eyni zamanda, gələcəyə baxış olduğunu deyib. O bildirib ki, gələcəyin şəhərləri yalnız bu günün tələbatını deyil, gələcək nəsillərin təhlükəsiz və ekoloji cəhətdən sağlam mühitdə yaşamasını da təmin etməlidir. Məhz buna görə “dayanıqlı inkişaf” anlayışı ön plana çıxır və davamlı inkişaf edən şəhər modellərinin qurulması vacib sayılır.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsinin Azərbaycanın dövlətçilik ənənələrinin və ölkənin beynəlxalq nüfuzunun nəticəsi olduğunu söyləyib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova vurğulayıb ki, şəhərlərin qurulması yalnız urbanistlərin, memarların və ya inşaatçıların fəaliyyəti ilə məhdudlaşmır. Bu prosesdə ekoloqların, mühəndislərin, siyasətçilərin, sosioloqların və digər sahələrin mütəxəssislərinin xüsusi rolu var. Rektor universitetlərin qarşısında duran əsas vəzifələrdən birinin interdisiplinar proqramların yaradılması və daha geniş profilli mütəxəssislərin hazırlanması olduğunu diqqətə çatdırıb.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi İqor Qarafuliç bildirib ki, Azərbaycanda inkişaf məsələlərinin geniş və ciddi şəkildə müzakirə olunması diqqətçəkən məqamlardandır. O, WUF13-ün Bakıda keçirilməsini Azərbaycanın beynəlxalq dialoq platforması kimi rolunu daha da gücləndirdiyini söyləyib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin dövlət və xarici əlaqələr üzrə prorektoru Fariz İsmayılzadə isə diqqətə çatdırıb ki, WUF13 yalnız şəhərsalma, ekologiya və ətraf mühit məsələlərinin müzakirəsi platforması deyil, Azərbaycanın beynəlxalq diplomatik şəbəkəsinin genişlənməsi baxımından da əhəmiyyətlidir. O, şəhərsalma və Qarabağın yenidən qurulmasının regionda davamlı sülhün möhkəmləndirilməsi üçün mühüm amillərdən biri olduğunu söyləyib. Fariz İsmayılzadə Qarabağın yenidən qurulması üzrə Azərbaycan təcrübəsinin dünyada unikal model kimi dəyərləndirilə biləcəyini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev şəhərsalma problemlərinin multidisiplinar xarakter daşıdığını və bütün elmi istiqamətlərin birgə iştirakını tələb etdiyini deyib. O bildirib ki, müasir şəhərsalma prosesləri rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi olmadan mümkün deyil. Qeyd edib ki, bu proses yalnız xarici texnologiyaların tətbiqi ilə deyil, milli kadr potensialının hazırlanması ilə mümkün ola bilər. Bunun üçün elmi-tədqiqat institutlarının və ixtisaslaşmış qurumların yaradılması da nəzərdən keçirilə bilər.
Konfrans işini “Təhsilin, tədqiqatın və potensialın gücləndirilməsi vasitəsilə dayanıqlı şəhər gələcəyinin qurulması” və “İnklüziv və dayanıqlı şəhərlər: şəhər inkişafına yeni yanaşmalar” mövzularında panel sessiyaları ilə davam etdirib.
Panellərdə dayanıqlı urbanizasiya, inklüziv şəhər planlaşdırılması, ekoloji dayanıqlılıq, innovativ şəhər idarəetməsi və insan kapitalının şəhər inkişafındakı strateji rolu ətrafında geniş fikir mübadiləsi aparılıb, ali təhsil, elmi tədqiqatlar və beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.