AHLA: Futbol üzrə dünya çempionatının ABŞ-də keçirilməsi turistləri çəkindirir
Bakı, 15 may, AZƏRTAC
ABŞ-də futbol üzrə dünya çempionatına ev sahibliyi edən şəhərlərdəki otellərin əksəriyyətində bronların sayı futbol turniri keçirilməyən adi yay mövsümü ilə müqayisədə daha aşağıdır. Otel sahiblərinin fikrincə, turnirin gözləntiləri doğrultmamasının əsas səbəbləri bilet qiymətlərinin həddindən artıq baha olması və müharibədir.
AZƏRTAC xəbər verir ki, Amerika Otel və Mehmanxanalar Assosiasiyasının (AHLA) məlumatına görə, iyunun 11-də başlayacaq 2026-cı il futbol üzrə dünya çempionatı bronların sayında ciddi artıma səbəb olmayıb.
AHLA-nın öz üzvləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, tədbirə ev sahibliyi edən şəhərlərdəki on oteldən səkkizi gözləniləndən daha aşağı tələbatla üzləşir. Onların əksəriyyəti bildirir ki, bronların sayı adi yay dövrü ilə müqayisədə daha azdır və həmin şəhərlərin otel sahibləri bunu təşkilat daxilində “uğursuzluq” adlandırırlar.
AHLA-nın sədri və baş icraçı direktoru Rozanna Mayettanın sözlərinə görə, İranla münaqişə bronların azalmasına qismən təsir göstərib. Belə ki, bəzi azarkeşlər yaşayış yerini bron etməzdən əvvəl komandalarının harada oynayacağının müəyyənləşməsini gözləyirlər.
Ağ Ev 50 ölkədən olan azarkeşləri viza üçün tələb edilən 15 min ABŞ dolları məbləğində məcburi depozitdən azad edib. Lakin bu güzəşt təkcə oyuna etibarlı bileti olan şəxslərə şamil edilir. Bu qayda bileti olmayan və ya onu almağı gözləyən şəxslərə aid deyil.
“Bizə futbol üzrə dünya çempionatının möhtəşəm tədbir olacağı deyilirdi, hamı illərlə bundan danışırdı”, – deyə Texas ştatının Hyuston şəhərində yerləşən “Wanderstay” butik-otelin sahibi Deydra Matis “BBC”yə deyib. “Fevral və mart aylarında bütün otaqların hələ də bron edilmədiyini görəndə tamamilə çaşqın qaldıq”.
Hotel sahiblərinin məlumatına görə, aşağı tələbatın ən çox göstərilən səbəbi futbol oyunlarına biletlərin qiymətləridir. 2022-ci ildə Qətərdə keçirilmiş final oyunu üçün ən bahalı rəsmi biletin qiyməti təxminən 1600 dollar idi. Bu il isə iyulun 19-da Nyu-Cersi ştatındakı “MetLife” stadionunda keçiriləcək final oyunu üçün biletin maksimum rəsmi qiyməti 11 min dollar təşkil edir.
İkinci bazarda biletlər bir ədəd üçün iki milyon dollardan artıq qiymətə satılır. FIFA bildirir ki, biletlərlə bağlı 500 milyondan çox müraciət daxil olub. Bu göstərici əvvəlki iki dünya çempionatında qeydə alınmış təxminən 50 milyon müraciətlə müqayisədə xeyli yüksəkdir.
İyunun 11-də mövsümün ilk oyununun keçiriləcəyi Mexiko şəhərində otellərin bronlama səviyyəsi cəmi 30-36 faiz təşkil edir. Oyun cədvəli açıqlandıqdan sonra bir çox otel azarkeşlərin istənilən qiyməti ödəyəcəyi ümidi ilə qiymətləri kəskin qaldırıb. Hələlik isə bu addım özünü doğrultmur.