Kəlbəcərdə həyat yenidən qurulur: doğma yurda qayıdanlar sevincini bölüşür
Kəlbəcər, 15 may, AZƏRTAC
İşğaldan azad olunan Kəlbəcərdə həyat yenidən qurulur. Böyük Qayıdış proqramı çərçivəsində rayonun müxtəlif ərazilərində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir, yeni yaşayış binaları inşa olunur, şəhər abadlaşdırılır və müasir infrastruktur yaradılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, doğma yurda qayıdan sakinlər artıq illər sonra Kəlbəcərdə yeni həyat qururlar. Onlardan biri də Kəlbəcər sakini Gülnisə Kərimovadır. Deyir ki, gözəllər gözəli Kəlbəcərə qayıtmaq həsrətin bitdiyi, xoşbəxt günlərin başladığı andır.
“1993-cü ilin aprel ayında biz məcburi şəkildə doğma Kəlbəcərimizi ağlayaraq, göz yaşlarımızla tərk etməli olduq. İllər keçsə də inamımız itmədi, ümidlə yaşayırdıq ki, Kəlbəcərə qayıdacağıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun gücü sayəsində biz sevinc göz yaşları ilə Kəlbəcərə qovuşduq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Artıq biz doğma, əziz Kəlbəcərdəyik. Bu torpaqda doğulub boya-başa çatmışam. Ali təhsil aldıqdan sonra Kəlbəcərdə müəllim kimi 13 il fəaliyyət göstərmişəm. Məcburi köçkünlük vaxtı şagirdlərimdən ayrılmaq mənə çox çətin oldu. Biz köçkünlük zamanı Bakıda və Oğuzda yaşadıq. Müəllim olaraq orada fəaliyyətimi davam etdirsəm də, arzum Kəlbəcərə qayıtmaq idi. Çünki biz bu dağların övladıyıq və yenidən bu dağlara, bu müqəddəs torpağa qayıtmışıq.

3 övladım var, onlar da müəllimdir. Kəlbəcərə həyat yoldaşım, bir övladım və mən birlikdə qayıtmışıq. Kiçik övladım isə yaxın vaxtlarda Kəlbəcərdə öz peşəsini davam etdirəcək. Mənim yarımçıq qalan arzularımı indi övladımın davam etdirməsi çox qürurvericidir. 2026-cı il aprelin 2-də biz Kəlbəcərə qayıtdıq. Hər zaman aprelin 2-sini Kəlbəcərin işğalı günü kimi kədərlə anırdıq. Amma indi bu tarix yaddaşımıza Vətənə dönüşün qürurlu bir anı kimi həkk olunub. Kəlbəcərə qovuşmaq, buranın havasını udmaq, suyunu içmək elə bir hissdir ki, sözlə ifadə etmək çətindir. Sevincimizin həddi-hüdudu yoxdur, ürəyimiz indi qürurla döyünür. Ən böyük arzum gerçək olub. Məcburi köçkünlük həyatı yaşayanda özümü xoşbəxt hiss edə bilmirdim, çünki doğma yurdumuz işğal altında idi. İndi isə özümü çox xoşbəxt hiss edirəm. Kəlbəcərə qayıtdıqdan sonra sanki yenidən dünyaya gəlmişəm.”
Kəlbəcərdə aparılan quruculuq işləri çərçivəsində əhalinin məşğulluğunun təmin olunmasına da xüsusi diqqət yetirilir. Rayonda müxtəlif sahələr üzrə yeni iş yerləri yaradılır, doğma yurda qayıdan sakinlər işlə təmin olunurlar. Bu da insanların həm sosial rifahının yüksəlməsinə, həm də bölgədə həyatın sürətlə canlanmasına töhfə verir.
Coşqun Nəsibli də Kəlbəcərə ilk köçənlərdəndir. O, burada yaşamaqla yanaşı, həm də DOST xidmətində çalışdığını deyir: “Çox xoşbəxtəm ki, Kəlbəcərə ilk köçənlərdən biri də mən oldum və tarixi anlara şahidlik etdim. Hazırda Kəlbəcərdə yaşayıram və burada işlə təmin olunmuşam. Bu mənim üçün əvəzolunmaz və qürurvericidir”.
Kəlbəcərdə arzuların gerçəkləşməsi və insanların doğma yurda dönüşü yeni, firavan həyatın başlanğıcıdır. Bu torpaqlarda artıq sabitlik, quruculuq və ümid dolu gələcək formalaşır.
Müxbir-Aydın Yavərzadə