Kəlbəcərin şəfa mənbəyi olan “Zülfüqarlı” suları
Kəlbəcər, 15 may, AZƏRTAC
Kəlbəcər rayonu təkcə sıldırım qayaları və sıx meşələri ilə deyil, həm də yerin dərinliklərindən süzülüb gələn mineral və termal bulaqları ilə dünyada məşhurdur. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində bu zəngin yataqlar yenidən öz əsl sahiblərinə — Azərbaycan xalqına qayıdıb. Bu məkanlar indi dövlətimizin həyata keçirdiyi sürətli bərpa layihələri ilə ölkənin sağlamlıq turizmi və iqtisadiyyatına inteqrasiya olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kəlbəcərin müalicəvi sərvətləri sırasında xüsusi çəkisi olan “Zülfüqarlı” mineral-termal su yatağı Mozçay və Tutqunçayın birləşmə nöqtəsindən 1 kilometr şimalda yerləşir. Bu yataq tərkibinə görə hidrokarbonatlı, natriumlu-kalsiumlu sular qrupuna aiddir. Suyun minerallaşma dərəcəsi 3,6–5,6 qram/litr təşkil edir və hidrokarbonatlı natriumlu-kalsiumludur.
“Zülfüqarlı” yatağı təkcə bir mənbədən ibarət deyil. Burada 58–67°C temperaturda olan məşhur İstisu termal bulağı ilə yanaşı, kənd ərazisində minerallarla zəngin daha 12 aktiv bulaq da mövcuddur. Bu bulaqlar insan orqanizmi üçün həyati əhəmiyyət kəsb edən elementlərlə zəngindir. Bulaqlar revmatizm, dəri xəstəlikləri, oynaq problemləri, sinir sistemi pozuntuları və həzm yolu xəstəliklərinin müalicəsində möcüzəvi təsir bağışlayır. Mütəxəssislərin B kateqoriyası üzrə təsdiq etdiyi istismar ehtiyatları sutkada 600 min litr həcmindədir ki, bu da bölgədə irimiqyaslı sanatoriya-kurort komplekslərinin fəaliyyəti üçün kifayət qədər böyük potensial deməkdir.
Müxbir-Aydın Yavərzadə