Zar kəndi Kəlbəcərdə Böyük Qayıdışın növbəti ünvanı olacaq – 547 ev tikilir FOTO
Kəlbəcər, 15 may, AZƏRTAC
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun ən yüksək yaşayış məntəqələrindən biri olan Zar kəndində genişmiqyaslı tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Dəniz səviyyəsindən təxminən 2400 metr yüksəklikdə yerləşən bu qədim yurd yeri dövlətimizin həyata keçirdiyi "Böyük Qayıdış" proqramı çərçivəsində müasir standartlara uyğun şəkildə tamamilə yenidən qurulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndin təməli 2023-cü ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Layihə 20 illik inkişaf perspektivi nəzərə alınmaqla hazırlanıb və ilkin mərhələdə 547 ailənin kəndə köçürülməsi planlaşdırılır.
Hazırda kənddə yaşayış evləri ilə yanaşı, 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, müasir küçə və işıqlandırma sistemi, həmçinin yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir. Layihə çərçivəsində ekoloji yanaşmaya üstünlük verilir və işıqlandırmada yaşıl enerji texnologiyalarının tətbiqi nəzərdə tutulur.
Tikinti işləri zamanı kənd ərazisində üst-üstə ikiqat qəbirlər də aşkar olunub. Mütəxəssislərin ilkin qənaətinə görə, bu tapıntılar bölgənin ən azı 2000 illik şəhər mədəniyyətinə malik olduğunu göstərir. Yerli əhali arasında ərazi “Şəhri-Zar” adı ilə tanınır.
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat xidməti şöbəsinin müdiri Nuranə Babayevanın sözlərinə görə, Kəlbəcər şəhərindən sonra növbəti köçün səbirsizliklə gözlənildiyi yaşayış məntəqəsi məhz Zar kəndidir. “İlkin mərhələdə kənddə 547 ev inşa olunur və proses uğurla davam edir. İşlərin ilin sonuna qədər yekunlaşması nəzərdə tutulur”, – deyə Nuranə Babayeva əlavə edib.
Qeyd edək ki, Zar kəndindən Kəlbəcər şəhər mərkəzinə olan məsafə təxminən 26 kilometr təşkil edir.
Müxbir-Aydın Yavərzadə