Muğama bağlı ömür və müəllim missiyası VİDEO
Bakı, 15 may, AZƏRTAC
Muğam Azərbaycan xalq musiqisinin ən qədim və zəngin janrlarından biridir. Bu sənət təkcə musiqi forması deyil, həm də xalqın tarixi yaddaşını, fəlsəfi düşüncəsini, emosional dünyasını və milli kimliyini özündə birləşdirən böyük mədəni irsdir. Bu sənəti yaşadan, onu qoruyaraq gələcək nəsillərə ötürən sənətkarlar isə muğamın əsl daşıyıcıları hesab olunurlar. Belə sənətkarlardan biri də gənc və tanınmış xanəndə Mirələm Mirələmovdur. O, həm ifaçılıq fəaliyyəti ilə məşğul olur, həm də gənc nəslə muğam sənətinin incəliklərini öyrədir.
AZƏRTAC-ın əməkdaşı ilə həmsöhbət olan xanəndə sənət yolundan, pedaqoji fəaliyyətindən, muğamın müasir dövrdə təbliğinin əhəmiyyətindən danışıb.
Mirələm Mirələmov uşaqlıqdan musiqiyə böyük maraq göstərdiyini bildirib. Məhz bu maraq da onu Asəf Zeynallı adına Musiqi Kollecinə gətirib. Burada Xalq artisti Zabit Nəbizadənin xanəndəlik sinfində sənətin sirlərinə yiyələnib, muğam dünyasının sirli-sehrli aləminə baş vurub. Təhsil aldığı illərdə bir çox müsabiqələrdə uğur qazanıb. Bu uğurların davamı olaraq 2011-ci ildə “Muğam” televiziya müsabiqəsində 1-ci yerə layiq görülüb. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olunan ifaçı burada unudulmaz sənətkarımız Arif Babayevin tələbəsi olub. Hazırda isə təhsil aldığı konservatoriyada müəllim kimi fəaliyyət göstərir.
Mirələm Mirələmov bildirib ki, pedaqoji fəaliyyətlə yaradıcılığı paralel şəkildə davam etdirmək böyük məsuliyyət və ciddi nizam-intizam tələb edir. O vurğulayıb ki, səhnə fəaliyyəti ilə pedaqoji iş arasında balans yaratmaq hər zaman asan olmur. Çünki konsert hazırlıqları, məşqlər, səfərlər və yaradıcılıq axtarışları çox vaxt tələb edir. Buna baxmayaraq, düzgün vaxt bölgüsü və sənətə sevgi sayəsində bu iki istiqaməti paralel aparmaq mümkündür.

Sənətçi qeyd edib ki, müəllimlik fəaliyyəti onun yaradıcılığına da müsbət təsir göstərir. Tələbələrlə işləmək, onların suallarını cavablandırmaq və muğamın incəliklərini izah etmək sənətkara öz sənətinə daha dərindən yanaşmaq imkanı yaradır. O hesab edir ki, gənclərlə ünsiyyət sənət adamını daim yenilənməyə və müasir dövrün tələblərini anlamağa sövq edir.
Muğam haqqında danışan M.Mirələmov bildirib ki, müasir informasiya dövründə insanların diqqətini uzun müddət bir mövzu üzərində saxlamaq əvvəlki dövrlərlə müqayisədə daha çətindir. Sosial şəbəkələrin və sürətli informasiya axınının təsiri nəticəsində insanlar daha qısa və dinamik məzmunlara üstünlük verirlər. Belə bir şəraitdə muğam kimi dərin fəlsəfi məna daşıyan, səbir və diqqət tələb edən sənət növünü geniş auditoriyaya sevdirmək xüsusi yanaşma tələb edir.
M.Mirələmov son illərdə gənclər arasında muğama marağın artmasını sevindirici hal kimi qiymətləndirib. O qeyd edib ki, əvvəllər muğam daha çox yaşlı nəslin dinlədiyi sənət hesab olunurdu, lakin indi gənclər arasında da bu sənətə ciddi maraq formalaşıb. Bu marağın yaranmasında televiziya layihələrinin, sosial media platformalarının və müxtəlif musiqi festivallarının böyük rolu var.
Sənətçi televiziya və müxtəlif qurumlar tərəfindən təşkil olunan muğam müsabiqələrinin də əhəmiyyətindən danışıb. O bildirib ki, bu yarışmalar muğam sənətinə yeni nəfəs gətirib və bir çox istedadlı gəncin üzə çıxmasına şərait yaradıb. Belə layihələr gənclərə səhnə təcrübəsi qazandırır, onların peşəkar inkişafına stimul verir və muğamın daha geniş auditoriyaya çatmasına kömək edir. M.Mirələmov hesab edir ki, bu müsabiqələr həm də gənclərdə sənətə məsuliyyət hissini artırır və onları daha ciddi çalışmağa həvəsləndirir.
Heydər Əliyev Fondu tərəfindən muğama göstərilən dəstəkdən danışan sənətçi qeyd edib ki, son illərdə Azərbaycanda milli musiqinin qorunması və dünyada tanıdılması istiqamətində mühüm layihələr həyata keçirilir. O vurğulayıb ki, bu sənətin inkişaf etdirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var. Onun təşəbbüsü və dəstəyi ilə keçirilən muğam festivalları, beynəlxalq tədbirlər və müxtəlif mədəni proqramlar Azərbaycanın qədim musiqi irsinin dünya səviyyəsində təbliğinə xidmət edir.

Sonda Mirələm Mirələmov deyib: “Muğam hər zaman yaşayacaq və gələcək nəsillərə ötürüləcək. Muğam Azərbaycan xalqının milli kimliyinin ayrılmaz hissəsidir. Ustad sənətkarların zəhməti, gənclərin marağı və dövlətin diqqəti sayəsində bu qədim sənət növü gələcəkdə də inkişaf edəcək, yeni ifaçılar yetişəcək və muğam dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyətinin simvollarından biri olaraq qalacaq”.
Müxbir - Gülay Nəzərova
Operator - Rza Fəttaxov