Tramp Çin səfərinə Səmavi Məbədi ziyarət etməklə başlayacaq
Bakı, 13 may, AZƏRTAC
Ağ Evin Donald Trampın Çinə səfirinin proqramı ilə bağlı verdiyi açıqlamaya görə, bu axşam Çinə gəlməsi gözlənilən ABŞ Prezidenti sabah ilk olaraq Səmavi Məbədini ziyarət edəcək.
AZƏRTAC Amerika mediasına istinadla xəbər verir ki, Trampın rəsmi mərasimlər və qəbullar, ikitərəfli görüşlər və işgüzar naharlar cədvəli arasında Səmavi Məbədi ziyarətinin seçilməsi simvolik əhəmiyyət kəsb edir. XV əsrdə tikilmiş bu məbəd Çin sivilizasiyasının kosmik nizam və həmin nizam daxilində siyasi hakimiyyətin rolu ilə bağlı fundamental ideyalarının memarlıq formalarına çevrildiyi bir abidədir.
Düz və bucaqlı formaların yeri, dairəvi elementlərin isə səmanı təmsil etdiyi strukturlardan ibarət olan məbəd kompleksi Yer ilə göylərdəki ilahi güc arasında harmoniya axtarmağa dair ənənəvi Çin inancını əks etdirir.
Məbədin inşasından sonrakı əsrlərdə ölkəyə hakim olan Min və Çin sülalələri dövründə imperatorlar hər il məhsul mövsümündən əvvəl bol məhsul üçün səma güclərinə qurbanlar təqdim etmək üçün buraya gəlirdilər. Bu mərasimlər imperatoru yer və göy nizamı arasında vasitəçi, kosmik nizamın harmoniyasını təmin edən şəxs kimi təyin edirdi. İmperatorun bu harmoniyanı qorumadığı təqdirdə, göylərin hakimiyyətinin dəyişəcəyinə və gücünü itirəcəyinə inanılırdı.
Dünyada artan münaqişələr və geosiyasi gərginliklər dövründə Trampın səfəri üçün Səmavi Məbədin seçilməsi Çin tərəfindən iki böyük gücün dünya sülhü üçün birlikdə harmoniyada işləməli olduğuna dair bir mesaj kimi şərh olunur.
Pekinin mərkəzindən cənub-şərqdə yerləşən açıq hava muzeyi olan məbəd kompleksi Trampın səfəri səbəbindən bu gün və sabah ictimaiyyət üçün bağlanacaq.