“NATO-Serbiya” hərbi təlimi: 600 hərbçi və 9 ölkədən müşahidəçi
Bakı, 13 may, AZƏRTAC
Serbiya Buyanovats şəhəri yaxınlığındakı “Cənub” hərbi bazasında və “Borovats” təlim poliqonunda ilk dəfə olaraq NATO-nun Neapoldakı Birgə Qüvvələr Komandanlığı birgə hərbi təlimlər keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya Müdafiə Nazirliyi məlumat yayıb. “Serbiya Silahlı Qüvvələrinin, o cümlədən İtaliya, Rumıniya və Türkiyə ordusunun təxminən 600 hərbçisi “NATO-Serbiya” adlı təlimlərə cəlb olunub. Böyük Britaniya, İtaliya, Almaniya, Rumıniya, ABŞ, Serbiya, Türkiyə, Fransa və Monteneqrodan olan hərbi strateqlər və müşahidəçilər təlimlərin gedişini izləyəcək”, - deyə məlumatda bildirilir.
İkihəftəlik səhra təlimi zamanı sülhün təmin olunması, bazaların mühafizəsi, nəzarət-buraxılış məntəqələrinin fəaliyyəti, kütləvi yığıncaqların idarə olunması və şəhər döyüşləri əməliyyatlarında istifadə edilən taktikalar üzrə məşqlər keçiriləcək. Nazirlik təlimlərin mayın 23-dək davam edəcəyini bildirib.
Serbiya Prezidenti Aleksandr Vuçiç təlimlərə baxmayaraq, Belqradın NATO-nun 1999-cu il bombardmanını unutmayacağını bildirib.
Qeyd edək ki, Müttəfiq Qüvvələr 1999-cu ildə Kosovoda alban əhalinin soyqırımının qarşısının alınması məqsədilə Yuqoslaviyaya qarşı 78 gün davam edən hərbi əməliyyat keçirib. Belqradın məlumatına görə, bombardmanlar nəticəsində 3 min 500 insan həlak olub, təxminən 10 min nəfər yaralanıb ki, bunların da üçdə ikisi mülki şəxslərdir. Hərbi əməliyyatlar zamanı ölkəyə dəyən maddi zərər 100 milyard dollara çatıb.