Amidə Əliyeva: 258 nömrəli məktəbdə 2 abituriyent imtahanda iştirak etməyib
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad və Xaçmazda təşkil olunub.
AZƏRTAC-ın əməkdaşları Bakının Nərimanov rayonu 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanları izləyiblər.
İmtahan rəhbəri Amidə Əliyeva bildirib ki, burada keçirilən imtahanda 225 nəfər (135 kişi, 90 qadın) abituriyentdən 223 (134 kişi, 89 qadın) nəfər iştirak edib. 20 nəzarətçinin müşahidəsi ilə baş tutan imtahanda heç bir qayda pozuntusu, insident qeydə alınmayıb. Sağlamlıq durumu ilə bağlı problem yaşayan abituriyent olmayıb.
Qeyd edək ki, bugünkü imtahanda 22 min 447 abituriyentin iştirakı nəzərdə tutulub. Abituriyentlərdən 20404 nəfər Azərbaycan, 2043 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 14230 nəfəri oğlan, 8217 nəfəri isə qızdır. 20386 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2061 nəfər əvvəlki illərin məzunudur. 18 nəfər ali təhsil müəssisələrinin, 166 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 101 abituriyent xarici ölkə vətəndaşıdır.
İmtahan keçirilən şəhər və rayonlarda 91 imtahan binası, 1663 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 273 imtahan rəhbəri, 2079 nəzarətçi-müəllim, 283 buraxılış rejimi əməkdaşı, 91 bina nümayəndəsi cəlb edilib.