CƏMİYYƏT
Antiretrovirus terapiya nəticəsində İİV-ə yoluxmuş şəxslərdə zədələnmiş immun sistemin bərpası baş verir
![Antiretrovirus terapiya nəticəsində İİV-ə yoluxmuş şəxslərdə zədələnmiş immun sistemin bərpası baş verir](/files/2024/1/1200x630/17061005011434812058_1200x630.jpg)
Bakı, 24 yanvar, AZƏRTAC
“İİV-ə yoluxmuş şəxslərin müalicəsi antiretrovirus (ART) terapiya adlanır. Bu, İİV viruslarının qanda replikasiyasının qarşısını almağa yönəldilmiş müalicədir. Antiretrovirus terapiya İİV-ə yoluxmuş şəxslərdə virusun qanda müəyyən edilməyən səviyyəyə qədər enməsini təmin edir ki, bununla da bu xəstələrdə zədələnmiş immun sistemin bərpası baş verir, ikincili ağırlaşmaların inkişafının qarşısı alınır, xəstələrin həyat keyfiyyəti yüksəlir, ölüm hallarının sayı azalır və xüsusilə, epidemioloji təhlükə, yəni infeksiyanın bir şəxsdən digərinə ötürülməsinin tezliyi azalır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova açıqlayıb.
G.Cəfərova bildirib ki, antiretrovirus preparatlar dövlət tərəfindən ödənişsiz şəkildə təmin olunur və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin qeydiyyatında olan bütün xəstələrə konfidensiallıq prinsipi gözlənilməklə mütəxəssislərin nəzarəti altında təyin olunur. Eyni zamanda, qeyd etmək istərdim ki, regionlarda yaşayan İİV-ə yoluxmuş şəxslərin müalicəyə əlçatanlığının təmin olunması məqsədilə, dərmanların regional İİV laboratoriyalarından, həmçinin Naxçıvan Muxtar Respublikasının ART Mərkəzindən xəstələrə verilməsi həyata keçirilir.
Direktor müavini qeyd edib ki, xəstələrin vəziyyətindən, ağırlaşmaların və yanaşı xəstəliklərin olub olmamasından, ən əsası isə xəstənin müalicəyə sadiqliyindən asılı olaraq dərmanlar 1, 3 və bəzən 6 aylıq müddətə verilir: “Müalicədə vacib məqam onun ömürlük olmasıdır, əsas şərtlərdən biri isə xəstənin müalicəyə sadiqliyidir. Xəstələr ART rejiminə düzgün əməl etmədikdə əlavə fəsadlar müşahidə oluna bilər. Bu hallar mərkəzin həkimləri tərəfindən nəzarətə götürülür və xəstələrə lazımi xidmət göstərilir”.