“Apple”ın bazar dəyəri Çinin “iPhone” qadağasından sonra 200 milyard dollar azalıb
Bakı, 8 sentyabr, AZƏRTAC
ABŞ-ın texnologiya nəhənglərindən olan “Apple”ın bazar dəyəri Çinin dövlət qurumlarında “iPhone” istifadəsinə qadağa qoyması iddialarından sonra iki gündə 200 milyard dollar azalıb.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, “Apple”ın səhmlərinin dəyəri son iki gündə 6 faizdən çox ucuzlaşıb.
Bildirilib ki, Çin hökuməti dövlət strukturlarında və dövlət şirkətlərində “iPhone” istifadəsinə qoyulan qadağanı genişləndirir. Bu tədbir Pekin administrasiyasının texnologiyada xaricdən asılılığı azaltmaq və kibertəhlükəsizliyi artırmaq üçün səylərinin bir hissəsi hesab olunur.
Çinin addımları ABŞ-ın Çin texnologiya şirkəti “Huawei” və sosial media platforması TikTok-a tətbiq etdiyi oxşar qadağalardan sonra atılıb.
ABŞ və Çin arasındakı gərginliyə baxmayaraq, “Apple” Çində 22 faizlə smartfon satışında ən böyük paya sahibdir.
Smartfonlarının əhəmiyyətli bir hissəsini Çində subpodratçılar vasitəsilə istehsal edən “Apple” şirkəti gəlirinin 19 faizini də Çin bazarından təmin edir.