Aprel döyüşləri ordumuzun qüdrətini dünyaya nümayiş etdirdi
Biləsuvar, 3 aprel, İlkin Adıyev, AZƏRTAC
Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından olan 2016-cı ilin Aprel döyüşlərindən 7 il keçir. Aprel döyüşləri Azərbaycanın Ordusunun düşmən üzərində böyük Qələbəsinə zəmin yaradan çox önəmli tarixi addım oldu. Bu döyüşlərdə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Bu Qələbə ilə Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi ordumuzun nəzarətinə keçdi.
AZƏRTAC-ın bölgə müxbiri Aprel döyüşlərinin iştirakçısı, qazi Babək Əliyevlə söhbət edib, onun döyüş təəssüratlarını qələmə alıb.
Azərbaycan Ordusunun 2016-cı il Aprel qələbəsi ilə illərlə yaradılan “məğlubedilməz erməni ordusu” və keçilməz erməni səngərləri mifi dağıldı. Ermənilərin necə zəif və nizamsız bir orduya sahib olduğunu dünya gördü: “2016-cı ilin Aprel döyüşləri xalqımızın otuz illik torpaq həsrətinə son qoyan ilk döyüşlər idi. Əzəli torpaqlarımızın azad olunmasında mənim də payım olduğu üçün qürur duyuram. Aprelin 1-dən 2-nə keçən gecə Talış istiqamətində düşmənin hücumunun qarşısını almaq üçün əks-hücuma keçdik. Aprel döyüşləri baxmayaraq ki, qısa müddətdə oldu, amma düşməni qorxuya salan döyüş idi. Həmin döyüşlərdə ağır yaralansam da, həkimlərimizin səyi nəticəsində həyatda qala bildim. Aprel döyüşləri ordumuzun qüdrətini, əsgər və zabitlərimizin vətənpərvərliyini dünyaya nümayiş etdirdi. O döyüşlərin davamı olaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ordumuz 30 illik işğal altında olan torpaqlarımızı azad etdi”.