AQTA-nın nümayəndə heyəti Özbəkistanda Fitosanitar Laboratoriya ilə tanış olub
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri davam edir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfərin növbəti günündə nümayəndə heyəti Özbəkistanın Fitosanitar Laboratoriyasına baş çəkərək laboratoriyanın fəaliyyəti, maddi-texniki bazası, mövcud infrastruktur imkanları, kadr potensialı və tətbiq olunan nəzarət mexanizmləri ilə tanış olub.
Eyni zamanda, nümunəgötürmə prosesi, laborator müayinələr, fitosanitar risklərin qiymətləndirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti, həmçinin itlərin iştirakı ilə həyata keçirilən fitosanitar yoxlamaların təşkili, istifadə edilən nəqliyyat vasitələri və beynəlxalq ticarət əməliyyatlarına nəzarət məqsədilə yaradılmış struktur bölmələrin fəaliyyəti ilə tanış olub.
Daha sonra Asiya İnkişaf Bankının ekspertləri ilə onlayn formatda görüş keçirilib. Görüş zamanı Özbəkistan tərəfinin hazırladığı sənəd nəzərdən keçirilib, qida təhlükəsizliyi sahəsində Azərbaycanın təcrübəsi bölüşülüb, həmçinin Özbəkistanda yaradılması planlaşdırılan qurumla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AQTA nümayəndə heyəti Azərbaycanın qida təhlükəsizliyi sahəsində formalaşdırdığı idarəetmə modelinin Özbəkistanda tətbiqi məqsədilə Daşkənddə işgüzar səfərdədir.