AQTA və Belarusun müvafiq qurumunun nümayəndə heyətləri arasında görüş keçirilib
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Belarus Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfrans formatında keçirilən görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın inkişaf perspektivləri və görüləcək işlər müzakirə olunub.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini Rəşad Mafusov birgə əməkdaşlıq çərçivəsində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb, sərhəd-keçid məntəqələrində baytarlıq nəzarət sisteminin təşkili, heyvanların identifikasiyası və qeydiyyatı sisteminin tətbiqi, pestisidlərin toksiklik dərəcəsinə görə təsnifatı, böhran vəziyyətləri üçün idarəetmə planının hazırlanması məsələlərində Belarus Respublikasının təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Belarusun kənd təsərrüfatı və ərzaq nazirinin müavini İvan Smilqin iki ölkə arasında baytarlıq, bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar məmnunluğunu ifadə edib və bu sahədə öz səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə Belarusun Dövlət Baytarlıq Mərkəzinin işçiləri tərəfindən agentlik əməkdaşlarına baytarlıq preparatları, yem və yem əlavələrinin qeydiyyatı, xüsusi təhlükəli xəstəliklərin monitorinqi, onların qarşısının alınması və proqnozlaşdırılması, diaqnostik testlərin aparılması mövzusunda təlimlərin keçirilməsinə dair ilkin razılıq əldə olunub. Həmçinin AQTA ilə Belarusun S.N.Vışelyeski adına Eksperimental Baytarlıq İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub.