CƏMİYYƏT
AQTA və Dünya Heyvan Sağlamlığı Təşkilatının birgə regional seminarı işə başlayıb
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Dünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) birgə regional seminarı işə başlayıb.
AQTA-dan AZƏRTAC-a bildiriblər ki, Bakıda keçirilən seminarda 12 ölkənin nümayəndə heyəti iştirak edir. “Yarış atlarının beynəlxalq daşınmasını asanlaşdırmaq üçün OIE-nin prosedur və standartları” mövzusunda keçirilən seminarda AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə çıxış edərək son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər, bu istiqamətdə beynəlxalq təşkilatlarla, həmçinin OIE ilə birgə əməkdaşlıq çərçivəsində görülən işlərlə bağlı geniş məlumat verib. Bildirib ki, Dünya Heyvan Sağlamlığı Təşkilatı ilə əməkdaşlıq ölkəmizdə heyvan sağlamlığının təmin edilməsi, bioloji təhlükəsizliyin qorunması və beynəlxalq ticarətin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir.
Son illərdə Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini qeyd edən R.Rüstəmzadə heyvan sağlamlığı və baytarlıq nəzarəti məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Qeyd olunub ki, hazırda idman atlarının ölkələr arasında daşınması prosesinin tənzimlənməsi çox aktual məsələdir. Azərbaycan da atçılıq idman oyunlarında daim təmsil olunur. Respublikamızda mənşəcə başqa ölkələrə məxsus atların olması idman atlarının yarışlarda iştirak məqsədilə daşınması və bu zaman onların sağlamlığının qorunması ciddi nəzarət tələb edir.
OIE-nin regional nümayəndəsi Budimir Plavsiç isə Azərbaycanla əlaqələrin yüksək səviyyədə olmasından, bu münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərdən danışıb. Qeyd edib ki, ölkəmiz atların Afrika taunu xəstəliyinə görə OIE tərəfindən verilmiş azad statusa malikdir. Bu statusu qorumaq üçün ciddi nəzarət tədbirləri həyata keçirilir.
Qeyd edək ki, martın 3-dən 5-dək keçiriləcək seminar çərçivəsində müxtəlif mövzularda panel müzakirələrin təşkili nəzərdə tutulur.