CƏMİYYƏT
AQTİ-nin HACCP mövzusunda keçirdiyi təlimlərdə 549 nəfər iştirak edib
Bakı, 26 noyabr, AZƏRTAC
HACCP – Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri prinsipləri qida məhsullarının istehsalında risk əsaslı yanaşmanı ehtiva edir. Bu yanaşmaya əsasən müəssisə təhlükə növlərinə uyğun risk qiymətləndirməsi və nəzarət tədbirlərini özündə əks etdirir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, HACCP qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini müəyyənləşdirir. Gigiyena şərtləri dedikdə şəxsi gigiyena, avadanlıq gigiyenası, xammal gigiyenası, ətraf mühitin gigiyenası və s. nəzərdə tutulur. Proses çərçivəsində istehlakçının sağlamlığına təhlükə yarada biləcək səbəblər müəyyən olunur. Sistem istehsal və xidmət mərhələlərində riskləri aradan qaldırır və etibarlılıq yaradır.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu sahibkarlıq subyektləri üçün HACCP sisteminin müəssisələrdə tətbiqi ilə bağlı qiymətləndirmə, məsləhət və təlim xidmətləri təklif edir. Cari dövr ərzində qanunun icrası ilə əlaqədar olaraq, AQTİ tərəfindən HACCP mövzusunda keçirilən təlimlərdə 549 nəfər iştirak edib.
Sahibkarlar AQTİ-nin təklif etdiyi xidmətlərdən yararlanmaq üçün [email protected] elektron poçt ünvanına məktub göndərə və ya “1003-Çağrı mərkəzi”nə zəng edə bilərlər.
Qeyd edək ki, “Qida Təhlükəsizliyi haqqında” Qanun dərc olunduğu gündən sahibkarlıq subyektləri mərhələli şəkildə HACCP sistemini tətbiq etməlidir. Həmin müddət iri sahibkarlıq subyektləri üçün 2 il, kiçik və orta sahibkarlıq subyektləri üçün 4 il, mikrosahibkarlıq subyektləri üçün isə 6 ildir. Xatırladaq ki, Qanun 2022-ci il iyunun 30-da dərc olunub.