İQTİSADİYYAT
“Arab Post” nəşri: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir

Bakı, 23 fevral, AZƏRTAC
Nüfuzlu “Arab Post” nəşrində “Azərbaycanın Avropa üçün mühüm enerji tərəfdaşı olmasının səbəbləri” sərlövhəli geniş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Ukrayna müharibəsinin ilk aylarında Avropada ciddi enerji böhranının başladığı, 2021-ci ildə Rusiyadan 155 milyard kubmetr təbii qaz idxal edən Avropa İttifaqının yeni mənbələr axtardığı diqqətə çatdırılıb. Qeyd olunub ki, “Modern Diplomacy” jurnalında da yazıldığı kimi, etibarlı qaz tədarükçülərindən biri də Azərbaycan olub.
Ərəbdilli oxuculara məlumat verilib ki, AZƏRTAC agentliyinin Energetika Nazirliyinə istinadla verdiyi xəbərə görə, Azərbaycan 2022-ci ildə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya 10,3 milyard kubmetr qaz ixrac edib. Cari ildə isə bu rəqəm daha 5 milyard kubmetr artacaq. 2027-ci ildə TAP vasitəsilə Azərbaycan qazının Avropaya nəqlinin 20 milyard kubmetrə, TANAP ilə qaz ixracı isə 31 milyard kubmetrə çatacaq.
Məqalədə qeyd olunub ki, “Modern Diplomacy” jurnalının analitik məqaləsində bu yaxınlarda keçirilən Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna həsr olunmuş dəyirmi masadan da bəhs edib. Bu tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Yazıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Memorandumdan bəhs edilib, Aİ rəsmilərinin bu tərəfdaşlığın əhəmiyyəti barədə çıxışlarından sitatlar yer alıb. Eyni zamanda, Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın Avropaya qazla yanaşı, bərpa olunan enerji mənbələri də ixrac edəcəyi bildirilib. Bu, Avropanın yaşıl enerji strategiyasına mühüm töhfə olacaq.
Daha sonra “Western magazine” jurnalına istinadla diqqətə çatdırılıb ki, Azərbaycanın Avropa üçün daha bir mühüm cəhəti onun etibarlı tərəfdaş olmasıdır. “Bakı xarici sərmayələrin cəlb edilməsində maraqlıdır. Bu kontekstdə avropalı investorların da iştirakı ilə Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində əsas ölkəyə çevrilə bilər”, -deyə məqalənin sonunda qeyd edilib.