“Araz-Naxçıvan” təmsilçisi məşqçi kursunun son mərhələsini tamamlayıb
Naxçıvan, 15 oktyabr, AZƏRTAC
Naxçıvan Futbol Federasiyasının qapıçılarla iş üzrə koordinatoru, eyni zamanda “Araz-Naxçıvan” PFK-nın qapıçı-məşqçisi Amil Ağacanov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən icra olunan UEFA-nın qapıçılar üzrə “B” kateqoriyalı məşqçi kursunu tamamlayıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 3 moduldan ibarət kurs çərçivəsində məşqçi son olaraq Muxtar Respublika Stadionunda nəzəri və praktiki imtahanda bilik və bacarıqlarını nümayiş etdirib. AFFA nümayəndələri - kursun ölkəmiz üzrə rəhbəri Faiq Əzimovun və Məşqçilərin Maarifləndirilməsi Departamentinin qapıçılar üzrə təlimatçısı Üzeyir İbrahimovun birbaşa müşahidəsi və nəzarəti əsasında reallaşan imtahanda müvafiq tapşırıqların icrası izlənilib, aidiyyəti üzrə qeydlər aparılıb. Prosesə uyğun olaraq şəffaflığın təmin olunması üçün imtahanın gedişatı videoçəkilişlə lentə alınıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının dəstəyi ilə kursa qatılan Amil Ağacanovun imtahan nəticələri prosesin ölkə üzrə tamamlanmasından sonra məlum olacaq. Kursu uğurla tamamlayan iştirakçılara UEFA-nın qapıçılar üzrə “B” kateqoriyalı məşqçi lisenziyası veriləcək.