İDMAN
“Araz-Naxçıvan”ın futbolçusu: Meydana çıxırıqsa, qələbə qazanmalıyıq
Bakı, 13 oktyabr, AZƏRTAC
“İlk dövrədə 14 xal topladıq, amma daha çox ola bilərdi. Mövsümün startına az vaxt qalmış toplaşsaq da, oyunumuz və nəticələrimizlə diqqətləri cəlb edə bildik. Əksəriyyət üçün maraqlı idi ki, bu komanda necə çıxış edəcək, nəyə qadir olacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Premyer Liqanın I dövrəsində keçirdiyi 9 oyunun 4-də qələbə qazanan, 3-də məğlub olan və 2 matçda heç-heçə edən “Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev klubun rəsmi saytına açıqlamasında deyib.
29 yaşlı futbolçu bildirib ki, mövsümün əvvəlində komanda mümkün autsayderlərdən biri hesab olunsa da, oyunlar həmin düşüncələri darmadağın edib: “Öz çıxışımızla xoş təəssürat yaratdıq. Hər matçda əlimizdən gələnin ən yaxşısını etdik. Oyundan-oyuna artırdıq, nəticələrimiz də müsbət qrafik üzrə hərəkət etdi. Baş məşqçi bizdən bütün oyunlarda maksimum xal toplamağımızı istəyirdi. Rəqibin gücünə görə xal tələbi dəyişmirdi. Meydana çıxmışıqsa, udmalıyıq. Ancaq elə matçlar oldu ki, 90 dəqiqə ərzində aşkar üstünlük bizdə olsa da, bunu hesaba daşıya bilmədik”.
O, “Səbail”lə görüşdəki məğlubiyyətə görə təəssüfləndiyini söyləyib: “Xüsusilə birinci hissədə oyuna tam nəzarət bizdə idi, azı 3 real qol epizodunu qaçırdıq. Əvəzində matçın sonuna yaxın məğlub duruma düşdük. Buna baxmayaraq, turnir cədvəlindəki mövqeyimizi qoruyacağımıza dair ümidimiz böyükdür. Məşqlərdə verilən tapşırıqları oyunlarda icra edə bilsək, niyə də mümkün olmasın?!. Düzgün hərəkət etsək, nəticələrimiz də yaxşılaşacaq”.
V. Abdullayev “Sabah”la oyunun kifayət qədər ağır keçdiyini vurğulayıb: “Bu komanda Premyer Liqada ən güclü heyətə malik, yaxşı futbolçulardan qurulmuş 2-3 klubdan biridir. Keyfiyyətli oyunçular olan yerdə ustalıq hər an sözünü deyir. Bu cür komandalar öz meydanında hesabda geri düşəndə daha təhlükəli olurlar”.
Müdafiəçi fasilədən sonra Premyer Liqada “Qəbələ”yə qarşı keçirəcəkləri matç barədə də danışıb: “Baş məşqçi oyun ərəfəsində tapşırıqlarını verəcək. Meydana çıxırıqsa, rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmalıyıq. Dildə yox, əməldə rəqibdən istəkli olmalıyıq”.