“Arazboyu” Dövlət Təbiət Yasaqlığında ekoloji monitorinq aparılıb
Naxçıvan, 24 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq “Arazboyu” Dövlət Təbiət Yasaqlığında ekoloji monitorinq aparılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, mütəxəssislər köçəri quşların qışlama şəraiti ilə maraqlanıblar. Əsas məqsəd risk əhəmiyyəti daşıyan ərazilərdə quşlar aləminin və onların hansı ərazilərdən gəlməsinin öyrənilməsi və baş verə biləcək xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsidir.
Qeyd edək ki, “Arazboyu” Dövlət Təbiət Yasaqlığı ərazisində nadir və nəsli kəsilmək təhlükəsində olan fauna növləri yaşayır. Yasaqlıq ərazisi miqrasiya dəhlizi olduğundan köçəri quşlar bu ərazilərə yuvalayıb nəsil artırmaq, qışlamaq və qidalanmaq üçün köç edirlər. Muxtar respublika ərazisində mövcud olan quşların 85 faizdən çoxu bu ərazilərdə məskunlaşıb.
Xüsusi mühafizə olunan təbiət ərazilərində monitorinqlər qarşıdakı aylarda da davam etdiriləcək.