İQTİSADİYYAT
ARDNF-də “Uğurlu Səhm” müsabiqəsinin ilkin mərhələsi başa çatıb



Bakı, 29 sentyabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) tələbələr arasında start verilmiş “Uğurlu Səhm” (Stock Pitch) müsabiqəsinə müraciətlər başa çatıb və ümumilikdə qeydiyyatdan keçən 62 komandadan 33-ü növbəti mərhələyə vəsiqə qazanıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, ümumi sayı 28 olmaqla, 16-sı yerli, 12-si isə xarici universitetdə təhsil alan tələbə və məzunlar müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçiblər.
İlkin mərhələ olaraq seçilmiş 100-ə yaxın komanda üzvünə Fondun “Uğurlu Səhm” qrupunun nümayəndələri, İnvestisiya departamentinin Səhmlər və alternativ investisiyalar şöbəsinin baş treyderləri Nigar Əzizova və Reyhan Şərifli tərəfindən təlim keçirilib, eləcə də, növbəti mərhələ üzrə səhmin seçimi və təhlili üçün müvafiq göstərişlər verilib.
Sonda komanda üzvlərinin suallarını cavablayan “Uğurlu Səhm” qrupunun nümayəndələri, onlara öz tövsiyələrini bildiriblər.
Qeyd edək ki, tələbələrin investisiya seçimi və təhlili bacarıqlarının, eyni zamanda bu sahə üzrə biliklərinin inkişaf etdirilməsinə töhfə verəcək müsabiqənin yarımfinal və final mərhələləri cari ilin noyabr ayında baş tutacaq.