ARDNF əməkdaşlarının iştirakı ilə ADA Universitetində tələbələrlə infosessiya keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) universitetlərlə iş birliyi çərçivəsində fevralın 28-də ADA Universitetində “Dəyişən dünyada sərvətin səfərbər edilməsi” başlığı ilə infosessiya təşkil olunub.
ARDNF-dən AZƏRTAC-a bildirilib ki, panel formatında baş tutan ilk sessiyada tələbələrə Fondun investisiya fəaliyyəti, Suveren Sərvət Fondları və maliyyə bazarlarında olan cari vəziyyətlə bağlı məlumat verilib.
Müzakirələr zamanı, həmçinin ARDNF-in həmtəşkilatçılığı ilə Suveren Sərvət Fondlarının Beynəlxalq Forumunun 2022-ci il noyabrın 14-17-də Bakıda keçirilən 14-cü illik iclasına və bu çərçivədə “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi - Bakı çıxarışları” başlığı ilə hazırlanmış tədbirin icmal hesabatına da yer verilib.
Tədbirin ikinci sessiyasında isə İnsan resursları departamentinin aparıcı mütəxəssisi Fuad Mirzəyevin təqdimatında Fondun işə qəbul prosesləri, qlobal trendlər və qarşıdan gələn “Təhlilçi Məzun 2023” təcrübə proqramı barədə tələbələrə ətraflı məlumat verilib.
ARDNF-in İcraçı direktorunun müşaviri Bəhruz Bəhramov çıxışında Fondun tələbələrlə işə böyük diqqət ayırdığını vurğulayıb və onlara öz tövsiyələrini verib.