ARDNŞ-in Ekologiya İdarəsinin bir qrup əməkdaşı Azərbaycan Metanol Şirkətində olmuşdur
Bakı, 27 mart (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ekologiya İdarəsinin bir qrup əməkdaşı Azərbaycan Metanol Şirkətində (AzMeKo) olmuşdur.
AZƏRTAC xəbər verir ki, aparılan danışıqların nəticəsi olaraq zavodda ətraf mühitin mühafizəsi məsələləri ilə əlaqədar bir sıra tədbirlər nəzərdə tutulmuşdur.
Zavod istismara verildikdən sonra sobalarda qazın yanmasından əmələ gələn karbon qazından və hidroliz prosesində əmələ gələn əlavə məhsul - hidrogendən katalizatorun iştirakı ilə yenidən metanol alınacaqdır. Gələcəkdə bu texnologiyadan istifadə etməklə digər istehsal müəssisələrindən atmosferə atılan karbon qazlarının da istifadə olunacağı nəzərdə tutulmuşdur. Bu texnologiya istilik effekti yaradan qazların atmosferə atılmasının azaldılmasına və son nəticədə iqlim dəyişmələrinə təsirin yumşaldılmasına səbəb olacaqdır. Zavodun bu il istismara verilməsi nəzərdə tutulur.
Görüşdə metanol zavodunun istehsal profili və ümumi illik gücü barədə məlumat verilmişdir. Bildirilmişdir ki, metanol sintetik toxuculuq malları, təkrar emal plastiki, məişət boyaları və yapışdırıcıları, peno-balışlar və yastıqlar kimi saysız-hesabsız sənaye və istehlak mallarının, hətta “Aspirin” kimi adi dərmanların hazırlanması üçün istifadə olunur. Bundan əlavə, metanol evlərin daxili istilik sistemləri və mətbəx üçün yanacaq kimi də yararlıdır.
Dünyanın müxtəlif ölkələrində metanoldan səmərəli nəqliyyat yanacağı kimi də istifadə olunur. Bu yanacağın ekoloji cəhətdən üstünlüyü onun yanmasından atmosferə atılan zərərli maddələrin miqdarının minimuma endirilməsidir.
Sonda zavodun əməkdaşları müəssisənin tikintisində və gələcək istismarında ekoloji məsələlərin həlli yolları haqqında məlumat vermişlər.