ARDNŞ-in satınalmalar üzrə mütəxəssisləri üçün treninqlər keçirilir
Bakı, 7 may (AZƏRTAC). Aprel ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) satınalmalar üzrə normativ sənədlər toplusunda dəyişikliklər edilmişdir. Müvafiq sahələrdə çalışan mütəxəssislərin həmin dəyişikliklərlə tanış edilməsi məqsədi ilə şirkətin baş ofisinin sifarişi əsasında aprel ayının 28-dən treninqlər təşkil edilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, treninqlər “Praktikal Salyuşns Qrup” MMC-nin ekspertləri tərəfindən 2 mərhələdə aparılacaqdır. Aprel-iyun aylarında keçiriləcək birinci mərhələdə ARDNŞ-in 155 əməkdaşı iştirak edəcəkdir. Hər qrup üçün 3 gün müddətinə keçiriləcək bu mərhələ şirkətin müəssisələrində çalışan satınalmalar üzrə əlaqələndirici şəxsləri, habelə satınalmalar prosesində iştirak edən sifarişçi bölmələrin əməkdaşlarını əhatə edir. Treninqdə ARDNŞ-də satınalmaların təşkili və idarə edilməsi qaydaları, həmçinin normativ sənədlərdə edilmiş dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verilir, onların təcrübədə rastlaşdıqları mübahisəli məqamlarla bağlı suallar cavablandırılır.
Treninqlərdə uğurla iştirak edən, yekun imtahanı müvəffəqiyyətlə verən iştirakçılara fərqlənmə sertifikatları təqdim olunacaqdır. Avqust-sentyabr aylarında keçiriləcək ikinci mərhələdə isə müəssisələr üzrə satınalma qruplarının və baş ofis əməkdaşlarının iştirakı planlaşdırılır.