Argentina Prezidenti islahatlara qarşı çıxan deputatları cinayətkar adlandırıb
Bakı, 8 fevral, AZƏRTAC
Argentina Prezidenti Xavyer Miley uğursuz səsvermədən sonra hökumətinin islahatlar paketi layihəsinin parlamentdə müzakirəsini davam etdirməmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, Deputatlar Palatasında “Azadlıq gəlir” hökumət alyansı blokunun rəhbəri Oskar Saqo bu barədə LN+ telekanalının efirində bəyan edib.
“Qanun layihəsinə Konqresə göndərildiyi şəkildə baxılmayacaq. Xavyer Miley deputatlara komissiyada müzakirələri davam etdirməməyi tapşırıb”, - deyə Oskar Saqo bildirib.
Onun sözlərinə görə, prezident qanun layihəsinin dəyişdirilməsini mənasız sayır. Deputat, habelə hökumətin martın 1-də başlayacaq növbəti sessiyada nəzərdə tutulan islahatları parlament vasitəsilə ayrıca qanun layihələri şəklində həyata keçirmək istəyəcəyini istisna etməyib.
Qeyd edək ki, fevralın 6-da Deputatlar Palatası Argentina Prezidentinə parlamentdən yan keçərək fəaliyyət göstərməsi üçün xüsusi səlahiyyətlər verən müddəaları rədd edib. Dövlət başçısı isə qanun layihəsinin əleyhinə səs verən deputatları cinayətkar adlandırıb.
Argentina hökuməti 2023-cü il dekabrın 28-də hərtərəfli islahat üzrə qanun layihəsinin ilk variantını parlamentə təqdim edib. Ümumilikdə 600-dən çox maddədən ibarət qanun layihəsində digər məsələlərlə yanaşı, vergi amnistiyası, məcburi praymerizlərin ləğvi, etiraz aksiyaları zamanı nəqliyyatın hərəkətinə maneçiliyə görə cəzaların sərtləşdirilməsi, dövlət şirkətlərinin özəlləşdirilməsi və ixrac rüsumlarının artırılması barədə maddələr də yer alıb. Yanvarın 26-da iqtisadiyyat naziri Lui Kaputo hökumətin digər tədbirlərin təsdiqini sürətləndirmək üçün iqtisadi islahatların bir hissəsini layihədən çıxaracağını açıqlayıb. Qərar rüsumların artırılmasına qarşı çıxan qubernatorlarla fikir ayrılığı fonunda qəbul edilib.