Arxangelsk vilayətinin Azərbaycan diasporu yerli tibb işçilərini dəstəkləyib
Moskva, 23 aprel, AZƏRTAC
“Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatı qurumun idarə heyətinin sədri Tərlan Qasımovun simasında Arxangelsk vilayət klinik xəstəxanasının tibb işçilərini dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, təşkilat xəstəxananın tibb heyətinə 20 qutudan yuxarı immunitet üçün faydalı olan məhsullar - meyvə və tərəvəz çatdırıb.
Vilayət xəstəxanasının baş həkimi İqor Petçin deyib: “Hazırda bizim tibb işçilərimiz praktik olaraq, gecə-gündüz pnevmoniyalı və COVID-19 virusuna yoluxmuş pasiyentləri müalicə edirlər. Tibb işçilərinə belə yanaşma, insani münasibət bizim tərəfimizdən böyük minnətdarlıqla qəbul edilir. “Arxangelsk vilayətinin Azərbaycan diasporu” təşkilatının bu sovqatı COVID-19 infeksiyası ilə işləyən tibb işçilərinə göndəriləcək. Həqiqətən, indi tibbi heyətə diqqətin hər hansı təzahürünə, hər hansı yardıma ehtiyac duyulur”.
Hazırda vilayət xəstəxanasının yoluxucu xəstəliklər mərkəzində 60-dan çox tibbi heyət çalışır. Onlardan on nəfəri anesteziologiya-reanimasiya şöbəsində xidmət edir. İş gecə-gündüz rejimində gedir.
“Biz koronavirusa yoluxmuş pasiyentlərə kömək göstəririk. Bu, pasiyentləri gecə-gündüz dəstəkləməyi tələb edən ağır xəstəlikdir. Bu səbəbdən də “Arxangelsk vilayətinin Azərbaycan diasporu” təşkilatının yardımı bizə xüsusən də gecə-gündüz fəaliyyətinin yerinə yetirilməsində kollektivin həmrəyliyinin dəstəklənməsinə kömək olacaq”, - deyə xəstəxananın yoluxucu xəstəliklər mərkəzinin anesteziologiya-reanimasiya şöbəsinin müdiri Gennadi Popov şərh edib.
“Vitamin” dəstində tibb işçilərinə Azərbaycanda yetişdirilən və istehsal edilən meyvə, tərəvəz, çay, həmçinin qənd, yumurta, günəbaxan kimi məhsullar çatdırılıb. “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının idarə heyətinin sədri Tərlan Qasımov deyib: “Arxangelsk vilayətində 10 mindən çox azərbaycanlı yaşayır. Onlar inzibati mərkəzin və vilayətin həyatında fəal rol oynayırlar. Bu gün dünyada olan problem hamıya məlumdur. Koronavirus fəaliyyətin bütün sahələrini dayandırıb. Biz - vilayətin Azərbaycan diasporu hazırkı vəziyyətin qəhrəmanları, daim çətin anlarda yanımızda olan həkimlərə laqeyd qala bilmərik”.
İqor Petçin göstərilən xeyriyyə yardımına, mərhəmət və səmimiliyə görə Arxangelsk Vilayət Klinik Xəstəxanasının Administrasiyası adından Tərlan Qasımova təşəkkür məktubunu təqdim edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva