“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkəmizdə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir. Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin iş saatlarında dəyişiklik edilib. Müvafiq dəyişikliyə əsasən dekabrın 14-dən dekabrın 30-dək Bakı şəhərində yerləşən bütün “ASAN xidmət” və “ASAN Kommunal”, həmçinin Sumqayıt və Gəncə regional “ASAN xidmət” mərkəzləri saat 18:00-dək, digər regional mərkəzlər isə 17:00-dək fəaliyyət göstərəcək.
Həmçinin xatırladaq ki, koronavirusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində 19-20, 26-27 dekabr tarixlərində bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.