AŞPA-NIN YAY SESSİYASI İŞƏ BAŞLAMIŞDIR
Sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu iştirak edir. Qrupa deputatlar Rafael Hüseynov, Gültəkin Hacıyeva, Aydın Mirzəzadə, Elmira Axundova, Qənirə Paşayeva, Aydın Abbasov, Sabir Hacıyev və Fəzail İbrahimli daxildirlər. Günün birinci yarısında AŞPA Bürosunun, ayrı-ayrı partiya qruplarının və müxtəlif komitələrin iclaslarında sessiyanın gündəliyinə çıxarılan məsələlər sonuncu dəfə müzakirə edilmişdir. Müzakirələrdə fəallıq göstərən deputatlarımız məsələlərlə bağlı ölkəmizin mövqeyini açıqlamışlar.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yığıncaqda deputatlarımız öz həmkarlarına təkrar seçkilərin keçirilməsi, ölkədə aparılan demokratik islahatlar, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə qəsbkarların son zamanlar kəndləri yandırması barədə ətraflı məlumat vermiş, bu vəhşiliyi əks etdirən fotoşəkilləri nümayiş etdirmişlər.
Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA-nın sədri Rene van der Lindenlə də görüşmüşlər. Görüşdə deputatlarımız ölkəmizlə bağlı müzakirəyə çıxarılan məsələ barədə danışmış, işğal altındakı ərazilərimizdə ermənilərin törətdikləri yanğınlar barədə məlumat vermiş, kosmosdan və yaxın məsafədən çəkilmiş şəkilləri sədrə təqdim etmişlər.
Sədr baş verən hadisəni pisləmiş və bu məsələ ilə ciddi şəkildə maraqlanacağını bildirmişdir.