AŞPA-NIN YAYA SESSİYASI İŞƏ BAŞLAMIŞDIR
Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yığıncaqda deputatlarımız öz həmkarlarına təkrar seçkilərin keçirilməsi, ölkədə aparılan demokratik islahatlar, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə qəsbkarların son zamanlar kəndləri yandırması barədə ətraflı məlumat vermiş, bu vəhşiliyi əks etdirən fotoşəkilləri nümayiş etdirmişlər.
Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA-nın sədri Rene van der Lindenlə də görüşmüşlər. Görüşdə deputatlarımız ölkəmizlə bağlı müzakirəyə çıxarılan məsələ barədə danışmış, işğal altındakı ərazilərimizdə ermənilərin törətdikləri yanğınlar barədə məlumat vermiş, kosmosdan və yaxın məsafədən çəkilmiş şəkilləri sədrə təqdim etmişlər.
Sədr baş verən hadisəni pisləmiş və bu məsələ ilə ciddi şəkildə maraqlanacağını bildirmişdir.