AŞPA SƏDRİNİN MÜAVİNİ VƏ BÜRO ÜZVÜ İLHAM ƏLİYEVİN ÇIXIŞI
-Əziz cənab sədr!
Xanımlar və cənablar!
Hər şeydən əvvəl, gördüyü əla işə görə məruzəçiyə minnətdarlığımı bildirmək istəyirəm. Cənubi Qafqazla bağlı çox əhatəli məruzə idi. Cənubi Qafqaz ölkələri Avropa Şurasında nisbətən yeni üzvlərdir. Ona görə də ola bilər ki, burada, bu təşkilatda həmin ölkələrdəki həyat tərzi və mədəni irs haqqında kifayət qədər məlumat yoxdur.
Ərazi baxımından bu kiçik regionda çoxsaylı millətlərin nümayəndələri yaşayır, müxtəlif xalqlar məskunlaşmışdır. Qədim sivilizasiya, mədəniyyət, məşhur mədəniyyət inciləri, elm - siyahını uzun-uzadı davam etmək olar.
Keçmişdə Cənubi Qafqaz ölkələrinin üzləşdiyi çoxsaylı çətinliklərə, bu ölkələrin müstəmləkə halına salınmalarına, müxtəlif dövlətlərin tərkibinə qatılmalarına baxmayaraq, onlar özlərində qüvvə tapıb millət kimi, zəngin mədəni irsin sahibi kimi özlərini səciyyələndirən xüsusiyyətləri qoruyub saxlaya bilmişlər.
Biz hamımız ümid edirdik ki, müstəqillik qazanmağımız bizə bu sahədə irəliləyiş əldə etməyə imkan verəcək və həqiqətən də, buna nail olduq. Ölkələr müstəqillik qazandıqdan sonra bu sahədə irəliləyiş əldə edildi. Mən, əlbəttə ki, yalnız Azərbaycanın adından danışıram. Soykökümüzə qayıtmaq üçün görülən işlər çoxdur. Keçmişimiz araşdırılıb, bu müddət ərzində bizim mədəni irsimiz beynəlxalq ictimaiyyətə müəyyən qədər çatdırılmışdır.
Lakin eyni zamanda, müstəqillik qazandıqdan sonra ölkəmiz çox əziyyətlər çəkmişdir. Özü də ən əvvəl müharibədən əziyyət çəkmişdir. Bunun nəticəsi kimi, hazırda bizim ərazilərimizin 20 faizi Ermənistan hərbi qüvvələrinin işğalı altındadır. Ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkünün olması da həmin işğalın nəticəsidir.
Sizin nəzərinizə məruzədə olan rəqəmləri də çatdırmaq istəyirəm. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusu tərəfindən 4400 mədəniyyət obyekti və sosial obyekt, 850 təhsil ocağı dağıdılmışdır. Mədəni irs abidələrinin çoxu yerlə yeksan edilmişdir və bu gün Bakıda İncəsənət muzeyinin həyətində bizim məşhur musiqi və ədəbiyyat xadimlərimizin abidələri saxlanılır. Bu abidələr vaxtilə Şuşada, qədim Azərbaycan şəhərində ucaldılmışdı. İndi bu abidələrin üzərində güllələrin açdığı deşikləri görə bilərsiniz. Yəni, təcavüzkara təkcə günahsız adamları öldürmək yetərli olmamışdır. Bizim milli irsimizi yerlə yeksan etmək kifayət etməmişdir. Onlar bununla sakitləşməyib Üzeyir Hacıbəyovun, Natəvanın və Bülbülün abidələrini də atəşə tutmuşdular.
Məruzədə mühüm əhəmiyyət kəsb edən bir neçə rəqəmlər vardır və sizin diqqətinizi bir daha həmin rəqəmlərə yönəltmək istəyirəm. Rəqəmlər göstərir ki, azərbaycanlıların indiki Ermənistandan keçən əsrin 40-50-ci illərində başlayan deportasiyasından və ondan da əvvəl bugünkü Ermənistan ərazisinin 45 faizi azərbaycanlıların əzəli torpağı olmuşdur. Azərbaycanlılar vaxtilə Dağlıq Qarabağda - bugünkü gündə qanunsuz zona və nəzarətsiz ərazi olan bölgədə 130 min erməniyə yaşayış yeri vermişlər. Bir çox illər əvvəl həmin ermənilər orada sığınacaq tapmışlar. Bunun özü də göstərir ki, onların bu əraziyə olan iddiası, oranın köklü əhalisi olduqlarını deməsi tamamilə əsassızdır.
Bu barədə çox danışa bilərəm. Amma elə bilirəm ki, bizim hamımızın etməli olduğumuz iş mədəniyyətimizi qoruyub saxlamaqdır. Mədəni irsimizi, dilimizi qoruyub saxlaya bildiyimiz kimi. Dil hər bir adamın milli mənsubiyyətinin və milli özünüdərkinin əsas elementlərindən biridir. Biz Azərbaycanda qürur hissi keçiririk ki, bunu edə bilmişik və bu sahədə səylərimiz davam edəcəkdir. Sağ olun.
X X X
Azərbaycan deputatlarından Səməd Seyidov, Rafael Hüseynov və Asim Mollazadə də müzakirələrdə iştirak etmiş, respublikamızda mədəniyyətin inkişafına dövlət qayğısından, zəbt olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrinin ermənilər tərəfindən məhv edilməsindən söhbət açmışlar.
Xislətinə sadiq qalaraq, yenə də yalan və iftiralara əl atan Ermənistan nümayəndəsi Qaloyan isə Azərbaycanın Naxçıvan diyarındakı Culfa rayonu ərazisində erməni abidələrinin olduğunu və bunların guya azərbaycanlılar tərəfindən dağıdıldığını iddia etmiş, beləliklə, erməni təcavüzünün nəticələri barədə əsl həqiqəti ört-basdır etməyə çalışmışdır. Sonra Qaloyan demişdir: ”Elə bilirəm, ümumiyyətlə, məruzə üçün daha yaxşı olar ki, mötərizədəki cümləni tamam çıxaraq. Çünki bundan əvvəl məruzədə aydın deyilir ki, münaqişə zonasında mədəniyyətin vəziyyəti haqqında söhbət gedir. Mən qəti inanıram ki, bir-birinə etimadsızlığa, bir-birinə qarşı təcavüzə son qoymağın vaxtı yetişibdir. Burada biz digər siyasi fəlsəfədən - siyasi müdriklikdən istifadə etməliyik. Gəlin, heç olmasa, mədəniyyətə dair məruzədən siyasi tənqidi və günahlandırmanı götürək. Belə etsək, öz xalqlarımıza mədəniyyət sahəsində əməkdaşlığa hazır olduğumuzu, bu məsələdə həqiqətən bir araya gəldiyimizi və Qafqazın bütün xalqları naminə regiona qayğı göstərdiyimizi nümayiş etdirə bilərik. Sağ olun”.
SƏDR: Sağ olun, cənab Qaloyan. Düzəlişin əleyhinə çıxış etmək istəyən var. Cənab İlham Əliyev, buyurun.
İLHAM ƏLİYEV: “İstəyirəm ki, cənab Qaloyanın gizlətmək istədiyi mövzuya aydınlıq gətirim. Mötərizədə belə deyilir: “Gürcü mədəni irsi Cənubi Osetiya və Abxaziyada, erməni mədəni irsi Azərbaycan və Gürcüstanda, Azərbaycan mədəni irsi ermənilərin işğal etdiyi ərazidə”.
Ermənistan nümayəndələri həmişə çalışırlar ki, “işğal olunmuş ərazi” ifadəsini sənəddən çıxarsınlar. Onlar reallıqları gizlətmək istəyirlər. Lakin “işğal olunmuş ərazi” ifadəsi artıq bu təşkilatda qəbul olunmuş rəsmi variantdır. Ona görə də biz mötərizədə yazılmış sözlərin olduğu kimi saxlanmasında təkid edirik. Qoy, həqiqət olduğu kimi çatdırılsın. Sağ olun”.
SƏDR: Sağ olun, cənab Əliyev. Düzəliş ilə bağlı Komitənin fikri necə olacaq? Düzəlişi səsə qoyuram. Səsvermə açıq elan olunur. Səsvermə qapanır. Xahiş edirəm, nəticələri monitorda göstərin.
X X X
İclas iştirakçıları erməni deputatının təklifini qəbul etmədilər və İlham Əliyevin cavab çıxışında təklif etdiyi kimi, məruzənin mətnində dəyişikliyə səs vermədilər. Bu, bir daha göstərdi ki, İlham Əliyev başda olmaqla Azərbaycan nümayəndə heyətinin səmərəli fəaliyyəti nəticəsində AŞPA ölkəmiz barədə həqiqətlərə daha obyektiv münasibət bəsləyir, ermənilərin saxtakarlığı günbəgün ifşa olunur.
Sessiyanın həmin günkü iclası başa çatmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq