Aşqarlar Kimyası İnstitutu iqtisadi inkişafa xidmət edən tətbiqi elmi işlərə önəm verir
Bakı, 25 yanvar, AZƏRTAC
2022-ci ildə “Aşqar” Elm İstehsalat Birliyi və Təcrübə-Sənaye Zavodunda istehsal olunan aşqarlar və sürtkü materiallarının hamısı akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun tətbiqyönlü elmi tədqiqatlarının mühüm praktik nəticələridir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə Kimya Elmləri Bölməsinin 2022-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağında Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev məlumat verib. Onun sözlərinə görə, bölməyə aid olan Aşqarlar Kimyası İnstitutu fundamental tədqiqatlarla yanaşı, Prezident İlham Əliyevin kimyaçı alimlər qarşısında qoyduğu vəzifələrə və qəbul olunan müvafiq dövlət proqramlarındakı vəzifələrə uyğun olaraq digər elmi-tədqiqat institutlarından fərqli olaraq ölkə iqtisadiyyatının inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə xidmət edən tətbiqi elmi işlərə üstünlük verir: “Belə ki, institut tərəfindən xüsusi təyinatlı texnikada (tanklarda) istifadə olunan yüksək gücə malik son nəsil dizel mühərriklərin normal istismarını təmin edən xüsusi təyinatlı motor yağı yaradılıb və istehsalı Təcrübə-Sənaye Zavodunda təşkil edilib. Azərbaycanda xüsusi təyinatlı sürtkü yağlarının stend sınaqlarını gerçəkləşdirmək üçün zəruri mühərriklər olmadığından bu sınaqlar əvvəlki illərdə Ukraynada müvafiq xüsusi təyinatlı müəssisədə reallaşdırılmışdı və onlar tərəfindən yaradılmış son nəsil xüsusi təyinatlı dizel mühərriklərində istifadəsi təklif edilmişdi. Rusiya-Ukrayna müharibəsi bu prosesi başa çatdırmağa imkan vermədi. Ancaq “Məxfi” qriflə Azərbaycan patenti ilə müdafiə olunan həmin xüsusi təyinatlı motor yağının 2022-ci ilin mart ayında Azərbaycanın Respublikası Müdafiə Nazirliyinin sınaq mərkəzində də real texnikada (tanklarda) müsbət nəticələrlə sınaqdan keçirilib və xüsusi təyinatlı texnikanın mühərriklərində istifadəsi məqsədəuyğun sayılıb”.
Akademik qeyd edib ki, ümumiyyətlə, hesabat dövründə rəhbərlik etdiyi institutda zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materialların məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi istiqamətində aparılmış müfəssəl tədqiqatların nəticələrindən 7 ən mühümü “AMEA-nın 2022-ci ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsinə daxil edilmək üçün təqdim edilib. İki tətbiqi xarakterli iş müxtəlif sınaqdan keçirilib, tətbiqə tövsiyə olunub. İki işin tətbiqi isə davam etdirilib.
Vurğulanıb ki, istər postsovet dövründə, istərsə də müstəqillik illərində ölkə üzrə elmi tədqiqatın nəticələri ilə bağlı ən çox patent alan elmi-tədqiqat müəssisəsi Aşqarlar Kimyası İnstitutudur.