ASSOŞİEYTED PRESS PENTAQONA İNFORMASİYA MÜHARİBƏSİ ELAN ETMİŞDİR
35 yaşlı Bilal Hüseyn 2004-cü ilin sentyabrında Assoşieyted Pressin ştatdankənar müxbiri olmuşdur. Həmin ilin noyabrında agentlik ABŞ təyyarələri və artilleriyasının Fəllucanı bombardman etməsi barədə Hüseynin sözlərinə əsasən yazılmış və bu əməliyyat barədə tənqidi fikirləri olan məqalə yaymışdır.
2005-ci ildə Assoşieyted Pressin bir qrup fotoqrafı, o cümlədən Hüseyn İraqdan reportajlara görə Pulitser mükafatı almışdır.
2004-cü ilin dekabrında İraqda italyan Salvatore Santore oğurlanaraq, öldürülmüşdür. Qətərin “Əl-Cəzirə” telekanalı onun qətlə yetirilməsi səhnəsini nümayiş etdirmişdir. Bildirilmişdir ki, italiyalının öldürülməsini naməlum iraqlı fotoqraf da təsdiqləmişdir, onun cəsədini və pasportunu yaraqlılar fotoqrafa göstərmişdilər. Fotoqrafın adı çəkilməmişdir. Sonra məlum olmuşdur ki, şəkli Bilal Hüseyn çəkmişdir.
Hüseyn yaraqlıların hərəkətlərini, o cümlədən girovların öldürülməsi səhnələrini Assoşieyted Press üçün çəkirdi. Bu, amerikalılara onu terrorçularla əlaqədə olmaqda şübhələnməyə əsas vermişdir. Bu il aprelin 12-də Hüseyn tutulmuşdur. İraq həbsxanalarında məhbusların saxlanılmasına nəzarət edən general Cek Qardner agentliyin sorğusuna cavab olaraq bildirmişdir: “Bilal Hüseyn adamların oğurlanmasında, qaçaqmalçılıqda, terror aktlarında və koalisiya əsgərlərinə basqınlarda əli olanlarla sıx əlaqədədir. Hüseynin yaraqlılarla əlaqələri və ona yaraqlıların hərəkətlərini çəkməyə imkan verilməsi jurnalistlərin qanuni hüquqları çərçivəsindən kənara çıxır”.
Assoşieyted Press vurğulayır ki, Bilal Hüseyn beş aydır istintaqsız və məhkəməsiz həbsdə saxlanılır. Agentlik onun işinin İraq ədalət məhkəməsinə verilməsində təkid edir.