Astanada “Suyun ardınca: Bosfordan Böyük çölə qədər” sərgisi açılıb
Astana, 12 fevral, AZƏRTAC
Astanada türkiyəli rəssam Ahmet Öyretenin “Suyun ardınca: Bosfordan Böyük çölə qədər” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, layihə KULANSHI ART GROUP tərəfindən Türkiyə Respublikasının Qazaxıstandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
“Mən Bosfordan Böyük çölə səyahətin hekayəsini danışıram. Bu sərgi sadəcə əsərlərin nümayişi deyil, həm də qədim mədəniyyətimizə, türk xalqlarının ortaq köklərinə müraciətdir. Dəyərlərimizi çatdırmaq mənim üçün vacibdir”, -deyə Ahmet Öyreten jurnalistlərə bildirib.
Sərgidə son on ildə tamamlanmış 60 akvarel əsəri yer alır. Layihə sizi Türkiyənin ən qabaqcıl suluboya rəssamlarından birinin əsərlərini kəşf etməyə, rəssamın türk xalqlarının ortaq mədəni və tarixi köklərinə necə müraciət etdiyini müşahidə etməyə dəvət edir.
Ahmet Öyreten Türkiyənin Antalya şəhərində dünyaya gəlib, Memar Sinan Təsviri İncəsənət Universitetini bitirib. Peşəkar rəssam emalatxanalar qurub və Türkiyənin bir çox şəhərində dərs deyib. O, ənənəvi Şərq rəsm texnikası olan ebru sənətinə yiyələnir və sərgilərdə, yarmarkalarda, festivallarda iştirak edir. Rəssam hazırda İstanbulda yaşayır və işləyir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana