Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO
Astana, 9 iyun, AZƏRTAC
Astanadakı “Xalqlar dostluğu” xatirə lövhəsi Qazaxıstan ilə Azərbaycan arasındakı dostluq əlaqələrini xatırladır.
AZƏRTAC xəbər verir ki, bu memarlıq abidəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfinə adlandırılan küçənin açılışını qeyd edir. Xatirə lövhəsindəki yazı üç dildə - qazax, Azərbaycan və rus dillərində həkk olunub.
Heydər Əliyev küçəsinin açılış mərasimi 2023-cü il aprelin 10-da Astananın mərkəzində Azərbaycan və Qazaxıstan liderləri İlham Əliyev və Kasım-Jomart Tokayevin iştirakı ilə baş tutub.
Heydər Əliyev küçəsi Qazaxıstan paytaxtının müasir inzibati və biznes mərkəzlərindən biri olan Yesil rayonunda yerləşir. Onun uzunluğu 1400 metrdir. Bu ərazi Astananın şəhər mühitinin bir hissəsi və Azərbaycan-Qazaxıstan münasibətləri ilə əlaqəli görkəmli yerlərdən biridir.
“Xalqlar dostluğu” xatirə lövhəsi Heydər Əliyev küçəsi məkanının bir hissəsinə çevrilib. Onun memarlıq dizaynı ortaq türk köklərini və yaxın mədəni dəyərləri əks etdirir.
Obyekt Qazaxıstan paytaxtının sakinlərinə və qonaqlarına iki qardaş xalq arasında qarşılıqlı hörmət və dostluğu xatırladır.