Astaranın qədim tarixini özündə yaşadan Hamoşam kəndi
Astara, 3 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun yüksək dağlıq ərazisində, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Hamoşam yaşayış məntəqəsi İkinci Dünya müharibəsində Sovet İttifaqı Qəhrəmanı adını almış ən gənc azərbaycanlı, baş leytenant, 1945-ci il aprelin 6-da Keniqsberq şəhərinə qələbə bayrağını sancan Mirzə Cəbiyevin doğulub boya çatdığı kənddir.
Təbiət bu yerlərdən öz səxavətini əsirgəməyib: bərəkət boxçasını bütünlüklə onun üzünə açıb. Sıx meşələr, sıldırım qayalar, bulaqlar, dağ çayları bu yerlərin təbiət mənzərəsini əks etdirirsə, “Bi yaylası”, “Baba Rəsul” türbəsi yaşayış məntəqəsinin qədimliyindən xəbər verir...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hamoşam kəndi Bəşərü çayının sahilində, dağətəyi ərazidə yerləşir. Yaşayış məntəqəsinin adı “hamar” sözünün talış dilində tələffüz forması olan “hamo” və “şam” (çay döngəsində dairəvi ərazi) sözlərindən ibarətdir və “Hamarkənd” mənasını verir.
Hamoşam inzibati ərazi icra nümayəndəliyinə altı yaşayış məntəqəsi - Hamoşam, Reqluba, Kılinbi, Kəmləkan, Rvadıla və Toradi kəndləri daxildir. Əhalinin ümumi sayı 2600 nəfərdən çoxdur.
İcra nümayəndəliyinin ərazisində yaşayan əhalinin əksəriyyəti heyvandarlıqla, arıçılıqla məşğuldur. Əvvəllər burada kənd təsərrüfatının əsasını taxılçılıq təşkil edirdisə, hazırda heyvandarlığa daha çox üstünlük verilir.
Kənddə 100-dən çox bulaq var, onların çoxu müalicəvi əhəmiyyətlidir.
“Bi” yaylağını isə Hamoşamın tacı adlandırırlar. “Bi” sözünün toponomik mənası “soyuq yer” deməkdir. Tarixçilərin ehtimalına görə isə, “Bi” əsrlər öncə burada yaşamış tayfanın adı ilə bağlıdır, çünki burada qədim yaşayış məntəqəsinin olmasına dair nişanələr var.
“Bi” yaylağı 60 hektarlıq düzənlik ərazidən ibarətdir. Buradakı Tunc dövründən qalma kurqanlar, qədim məzarlıq, iki, üç, dörd pilləli yonma baş daşları, “Padşah qızının hovuzu”, “Padşah hovuzu” “Haftçəşmə” bulaqları əsrlərin nişanələridir.
Əvvəllər yaylaq yerli sakinlərin əkin sahəsi olub. Hazırda isə buradan həm otlaq sahəsi, həm də örüş yeri kimi istifadə edilir. Burada bum-buz bulaqlar başında istirahət edənlər də olur. Yaylağın “Otəşəsğonəband” hissəsindən Astaranın tarixi rəmzinə çevrilən, İranla sərhəd ərazisində, yüksək qayalar üstündə inşa edilmiş “Şindan” qalasını seyr etmək olar.
1957-ci ildə “Azərbaycanfilm” studiyasının istehsalı olan “Qızmar günəş altında” filminin bəzi epizodları “Bi” yaylağının yaxınlığında çəkilib.
Hamoşam kəndində olan maddi-mədəniyyət nümunələri olan pirlər, ziyarətgahlar Astaranın qədim tarixindən xəbər verir. “Hacı Əfqani”, “Şeyx İzacəddin”, “Məhəmməd Mazandarani”, “Baba Rəsul” ziyarətgahları bu yerlərin tarixi yaddaşıdır.
Kənd ərazi icra nümayəndəliyinə daxil olan yaşayış məntəqələrindəki maddi-mədəniyyət nümunələrindən yalnız dördü dövlət qeydiyyatına alınıb. Onlardan ikisi - “Bi” yaylağı və “Qalakafo” qala qalıqları ölkə, ikisi isə -Hamoşamdakı köhnə məzarlıq və Toradi kəndindəki “Peştə” qəbiristanlığı yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatındadır. Lakin, Hamoşamda tədqiq olunmayan onlarla qədim tarix və mədəniyyət abidələri var.
Ucqar dağlıq ərazidə yerləşən Hamoşam kəndi hazırda özünün inkişaf mərhələsini yaşayır. Kəndi rayon mərkəzi ilə birləşdirən yol dövlət vəsaiti hesabına əsaslı təmir edilərək asfaltlanıb, yaşayış məntəqəsində yeni infrastruktur yaradılıb. Burada turizmin inkişafı üçün hər cür şərait var.