MƏDƏNİYYƏT
“Atəşkəs” sənədli filmi Azərbaycan dilində ilk dəfə VİDEO
Bakı, 16 fevral, Abdulla Suvar, AZƏRTAC
Macarıstanlı rejissor Erik Boqnarın Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” sənədli filmi fevralın 17-də Nizami Kino Mərkəzində Azərbaycan dilində ilk dəfə nümayiş olunacaq. Bu ekran əsəri Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən istehsal edilib. BAMF-in sədri Umud Mirzəyev AZƏRTAC-a müsahibəsində filmlə bağlı məlumat verib.
Ü.Mirzəyev deyib:
- Sənədli film “İşğalın qurbanı” layihəsi çərçivəsində macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Film Macarıstanın məşhur “Oriqo” studiyasında macar dilində çəkilib. Filmdə Azərbaycanın tarixi-mədəni irsi, ənənələri, kultroloji aspektlər yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, erməni qırğınları, Qarabağ həqiqətləri, Qarabağ müharibəsinin törətdiyi acı nəticələr, Xocalı faciəsi filmin əsas leytmotivini təşkil edir. Ekran əsərində macar, alman, fransız, amerikan ekspertlərinin münaqişənin həlli ilə bağlı fikirləri, rəyləri və münaqişə qurbanlarının, şahidlərin ifadələri yer alıb. Qarabağ həqiqətlərindən bəhs edən filmdə Azərbaycanın müasir tarixinə dair faktlar, eləcə də torpaqlarımızın işğalı nəticəsində doğma yurdlarından köçkün düşən insanların acı həyatı əksini tapıb. Sənədli film Avropada nümayiş olunması üçün nəzərdə tutulan tarixi, mədəni, etnokultroloji faktlarla zəngin ilk yaradıcılıq məhsuludur.
Bilirsiniz ki, 2015-ci ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə film macar dilində təqdim edilib və ölkədə ciddi rezonans doğurub. Filmin premyerasında Macarıstan Parlamentinin spikerinin baş müşaviri, deputatlar, hökumət adamları, şəhər merləri, tanınmış ictimai-siyasi xadimlər, elm adamları, jurnalistlər iştirak ediblər.
Artıq bir neçə vaxtdır ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə BAMF tərəfindən filmin Azərbaycan dilinə dublyaj edilməsi ilə bağlı başlanan işlər yekunlaşıb. Bu ekran əsərini başqa dillərə də dublyaj etməyi düşünürük. Film sabah Nizami Kino Mərkəzində ana dilimizdə nümayiş olunacaq. Bu ekran əsərinin ölkənin digər kinoteatrlarında, televiziya kanallarında nümayişi nəzərdə tutulur.