Atmosfer havasının zərərli maddələrlə çirklənməsinə nəzarət gücləndirilmişdir
Bakı, 11 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi, dəymiş ziyanın ödənilməsinin təmin edilməsi, təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olmuşdur.
Bakı şəhərində 28 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexində yoxlamalar aparılmışdır. Yoxlamalar zamanı 581 avtomobildən 18-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar edilmişdir.
Şəhərin küçələrində və magistral yollarda baxış keçirilmiş 2 min 623 avtomobildən 101-də atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilmişdir. Avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülmüşdür.
Fərdi qaydada isə 8 min 860 avtomobil yoxlanılmışdır. Atmosfer havasını normadan artıq çirkləndirən 2 min 701 avtomobilin sürücüsünə inzibati qaydada protokollar tərtib edilmişdir.
Araşdırmaların nəticəsi bir daha göstərmişdir ki, bəzi avtonəqliyyat müəssisələrinin rəhbərləri və sürücülər atmosfer havasının avtomobillərin tüstü qazlarının tərkibindəki zərərli maddələrlə çirklənməsinə laqeyd münasibət bəsləyirlər.