Auditorlar Palatasında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 16 yanvar (AZƏRTAC). Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Auditorlar Palatasında tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar hadisələri haqqında ətraflı söhbət açmışdır. Qeyd olunmuşdur ki, 24 il əvvəl Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Həmin ağır və çətin günlərdə xalqının səsinə ilk olaraq ümummilli lider Heydər Əliyev səs vermişdi. Ulu Öndər özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və təcavüzə kəskin etirazını bildirmişdi. Eləcə də faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu ittiham etmişdi. O vaxtlar, özü də imperiyanın paytaxtında belə kəskin bəyanat vermək sözün əsl mənasında böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər bu addımı atmaqla Vətəni, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini bir daha nümayiş etdirdi.
Tədbirdə bildirilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı eyni zamanda faciəyə verilən ilk siyasi qiymət idi. Ulu öndər tərəfindən verilmiş fərman və sərəncamlarla 20 yanvar şəhidlərinin xatirəsi əbədiləşdirilmiş, genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. “20 Yanvar Şəhidi” fəxri adı təsis olunmuş, bu tarix ölkəmizin rəsmi təqviminə Ümumxalq Hüzn Günü kimi daxil edilmiş, Şəhidlər Xiyabanında “Əbədi Məşəl” abidə kompleksi ucaldılmış, şəhid ailələrinin və əlillərin sosial problemlərinin həlli ilə bağlı mühüm işlər görülmüşdür.
F.İsmayılov vurğulamışdır ki, Ulu Öndər tərəfindən əsası qoyulan həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 20 Yanvar şəhidlərinin ailələri üçün Prezident Təqaüdü təsis edilmişdir, onların sosial təminatı, məişət və digər sosial problemlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.
Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov tədbirə yekun vuraraq qeyd etmişdir ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mühüm səhifələrindən biri olan 20 Yanvar təkcə əvəzsiz itkiləri, nisgilləri və yaraları ilə deyil, həm də ibrət dərsləri ilə yadda qalmışdır. Faciə qurbanlarının milli azadlıq mübarizəsi tarixindəki qəhrəmanlıqları heç vaxt unudulmayacaq, müstəqil dövlətimizin möhkəmləndirilməsi naminə milli həmrəyliyə xidmət edəcəkdir.