Autizmli uşaqlar stolüstü tennis yarışında iştirak ediblər
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində idman yarışlarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, növbəti yarışda autizmli uşaqlar stolüstü tennis yarışında iştirak ediblər. Əlliyə yaxın uşağın qatıldığı mübarizə 2 yaş qrupunda təşkil olunub. Belə ki, 9-13 yaş qrupunda keçirilən yarışda Ramiz Səmədov, Murad Əliyev və İsmayıl Mirzəyev ilk üç yeri tutublar. On üç yaşlıların yarışında isə Toğrul Məmmədli birinci olub. Xaqan Əliyev yarışı ikinci, Nicat Həmidov isə üçüncü pillədə başa vurublar.
II Autizm Festivalı çərçivəsində yarışlar davam edir. Növbəti yarışlarda autizmli uşaqlar velosiped, atletika və futbol idman növündə bacarıqlarını nümayiş etdirəcəklər.